"BQXK Qarabağda humanizmdən çox, separatçılığa, separatçılara xidmət edir"
BQXK Qarabağda humanizmdən çox, separatçılığa, separatçılara xidmət edir.
Bu barədə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Deputat deyib ki, dövlətimiz müstəqilliyin elə ilk illərində Birinci Qarabağ müharibəsində itkin düşmüş və girov götürülmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün fəaliyyətə başlayıb: “Bunun nəticəsidir ki, həmin dövrdə çox sayda vətəndaşımız girovluqdan azad edildi”.
Müşfiq Cəfərovun sözlərinə görə, bununla belə Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq əsir, girov və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi prosesində üzərinə düşən öhdəlikləri yerinə yetirmir: “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğuna dair sübutlar, faktlar cəmiyyətə mütəmadi təqdim olunur. Təkcə Birinci Qarabağ müharibəsində itkin düşən dörd minə yaxın azərbaycanlı barədə məlumatların Ermənistan tərəfindən bu günə kimi təqdim olunmaması bunun əyani sübutudur. Eyni zamanda Vətən müharibəsində itkin düşmüş 6 hərbçimizin taleyi bu vaxtadək qeyri-müəyyən olaraq qalmaqdadır. Beynəlxalq Qızıl Xaç Komitəsi də bütün bunlara göz yumub. Şübhəsiz, bu fakt BQXK-nın soydaşlarımızın həyatına biganə yanaşmasını bir daha təsdiq edir. Hətta Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 54 hərbçi BQXK vasitəsilə ailələri ilə əlaqə saxlasa da, sonradan onların talelərinin necə olması ilə bağlı hər hansı məlumat verilməyib. Həmçinin, BQXK 2014-cü ildə DNT məlumat bazasını yaratmasına baxmayaraq, bunun itkin düşən soydaşlarımızın işinə hər hansı xeyri olmayıb. Bütün bunlar isə BQXK-nın itkin düşən azərbaycanlıların taleyinə biganə yanaşmasından irəli gəlir”.
Deputatın fikrincə, bütün bunlardan belə nəticəyə gəlmək olar ki, BQXK Qarabağda humanizmdən çox, separatçılığa, separatçılara xidmət edir: “Bu təşkilat, həmçinin, 21-ci əsrdə dini ayrı-seçkiliyə şərait yaradır. Belə ki sözügedən komitə müsəlmanların taleyinə qəsdli şəkildə biganə yanaşır. BQXK bilməlidir ki, beynəlxalq humanitar hüquqa əsasən, münaqişə tərəfləri itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün əlindən gələni etməlidir. Humanizm prinsiplərini daim rəhbər tutan Azərbaycan Respublikası isə əldə olunmuş tarixi Qələbədən sonra düşmən tapdağından azad olunmuş torpaqlarda tapılmış 1713 Ermənistan hərbi qulluqçusunun qalıqlarını və müxtəlif vaxtlarda saxlanılmış 159 nəfər erməni əsiri qarşı tərəfə geri qaytarıb”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev itkin vətəndaşlarımızın axtarışı üzrə intensiv və təxirəsalınmaz tədbirlər barədə tapşırıqlar verir, davamlı və operativ şəkildə bu istiqamətdə mövcud beynəlxalq əməkdaşlığı daha da genişləndirir.
APA