Siyasət 11 İyul 2023, 15:18 | Baxış sayı: 74
"BQXK nümayəndələrinin Xankəndiyə silah-sursat daşımasına dair şübhələr var"

"Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) nümayəndələrinin Xankəndiyə silah-sursat daşımasına dair şübhələr var".

Bunu  Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O bildirib ki, komitə bütün prinsipləri pozub və qərəzini gizlədə bilmədi.

Deputatın sözlərinə görə, bu təşkilatın Azərbaycanın Qarabağ bölgəsində fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanması təəssüf doğurur: "Laçın sərhəd-buraxılış məntəqəsindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə tibbi evakuasiya təyinatlı keçidə şərait yaradılması, minik avtomobillərinin Xankəndidən Ermənistan istiqamətinə keçidi bir daha təsdiqləyir ki, Azərbaycan tərəfi burada heç bir humanitar məqsədli keçidə mane olmur. Mülki ermənilərin də BQXK vasitəsilə Azərbaycanın Ermənistanla sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcındakı sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi təmin edilir. Amma təşkilatın nümayəndələri öz səlahiyyətlərindən sui-istifadə edərək faktiki qaçaqmalçılıq fəaliyyəti göstəriblər. Görünən budur ki, “humanitar missiya” adı altında separatizmə dəstək verilir. Azərbaycan ərazisinə qeyri-qanuni şəkildə, rəsmiləşdirilmədən, gömrük rüsumu ödənilmədən məhsullar gətirilir. Təbii ki, heç bir ölkə öz ərazisində belə qanunsuzluğun olmasına dözməməlidir".

"Məsələ burasındadır ki, BQXK-nın Azərbaycanın Qarabağ bölgəsində fəaliyyəti qeyri-legitimdir və istər beynəlxalq, istərsə də Azərbaycan qanunları ilə tənzimlənmir. Azərbaycanın suveren ərazisində hansısa beynəlxalq təşkilatın başqa ölkədə yerləşən ofisinin fəaliyyət göstərməsi absurddur. Çünki BQXK-nın Bakı ofisi var və Qarabağda fəaliyyət göstərən nümayəndələr Bakı ofisinə tabe olmalıdır. Təəssüf ki, 44 günlük müharibə zamanı da təşkilat Azərbaycana qarşı qəzərli mövqe tutaraq, Ermənistanın maraqlarından çıxış edirdi. Hətta BQXK-nın nümayəndələrinin əksər hallarda qaynar nöqtələrə daxil olaraq hərbi məlumatlar toplayıb düşmən tərəfə ötürmələri istisna deyildi", - deputat xatırladıb.

Milli Məclisin üzvü əlavə edib ki, bu gün qaçaqmalçılıqla məşğul olan BQXK nümayəndələrinin Xankəndiyə silah-sursat daşımasına dair şübhələr var: "Təşkilat təəssüf ki, Azərbaycanın çoxsaylı xəbərdarlıqlarından nəticə çıxarmayıb. Belə olan halda Azərbaycan haqlı olaraq vəziyyətə uyğun müvafiq addımlar atmalıdır".

K.Nurullayeva vurğulayıb ki, biz ikili standartlardan çıxış edən, hər fürsətdə separatçılara dəstək verən havadarları cavabsız qoymaq niyyətində deyilik: "Bütün beynəlxalq təşkilatlar öz həddini biləcək. İşğal dövründə həyata keçirilən qərəzli davranışları ört-basdır etmək mümkün deyil. Azərbaycan işğaldan azad etdiyi tarixi torpaqlarında nəzarəti tam şəkildə həyata keçirir və bütün pozucu qüvvələrə qarşı adekvat cavablar verilir, bundan sonra da veriləcək".

report.az

Xəbərlər