Siyasət 28 İyul 2023, 15:14 | Baxış sayı: 128
"BQXK-nın azərbaycanlı itkinlərlə bağlı laqeydliyi Ermənistanın təcavüzkar siyasətinə dəstəkdir"

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) itkin düşən 4 minə yaxın azərbaycanlının taleyinə laqeydliyi Ermənistanın təcavüzkar siyasətinə dəstəkdir".

Bunu açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O söyləyib ki, BQXK proseslərə qərəzli mövqedən yanaşır:

"İlk növbədə, qeyd etməliyik ki, bu təşkilatın Xankəndidəki missiyası qurumun Ermənistandakı ofisinə deyil, Bakı ofisinə tabe olmalıdır. Qurumun Xankəndidəki nümayəndələri ayrıca ofis kimi fəaliyyət göstərə bilməz. Eyni zamanda, Qarabağdakı ermənilərin çətiri rolunda çıxış edən BQXK itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi ilə maraqlanmır. Halbuki, onların əsas missiyası bu olmalıdır. 30 ilə yaxındır Azərbaycan ictimaiyyəti itkin düşmüş şəxslərin taleyi ilə bağlı məlumat gözləyir. BQXK-nın bu laqeydliyi, əslində, Ermənistanın təcavüzkar siyasətinə dəstəkdir".

Deputat bildirib ki, Avropa İttifaqı missiyasının Qarabağ ermənilərinin vəkili qismində çıxış etməsi də haqlı olaraq ikrah hissi yaradır.

K.Nurullayeva Ermənistanın “gərgin humanitar vəziyyət” adı altında təxribatlarının yolverilməz olduğunu deyib: "Bütün diqqətlər sülh prosesinə yönəldiyi bir vaxtda bu ölkə yenə qeyri-qanuni fəaliyyətləri davam etdirərək sülh və təhlükəsizliyə təhdid yaradır. Maraqlıdır ki, Azərbaycan tərəfi erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürüb. Əslində, bu təkliflər beynəlxalq ictimaiyyət tərəfindən də qəbul olunur. Amma qarşı tərəfin davranışları müvafiq humanitar fəaliyyətə maneə törətməkdir. Ən təəssüf doğuran məqam isə budur ki, Ermənistanın təxribatlarına Avropa İttifaqının (Aİ) missiyasının və diplomatik korpusun da alət edilməsidir. “Mülki missiya”nın maşın karvanını az qala hərbi konvoy kimi müşayiət etməsi absurddur. Bu qızışdırıcı yanaşma Avropa İttifaqı Şurasının koordinasiya etdiyi sülh danışıqlarına da kölgə salır".

Milli Məclisin üzvü xatırladıb ki, Azərbaycan xalqı Ermənistanın işğalı nəticəsində ən ağır vəziyyətə düçar olub, öz dədə-baba yurdunda qaçqın və məcburi köçkünə çevrilib: "Amma bu humanitar fəlakətlə bağlı 30 ilə yaxın müddətdə Aİ tərəfindən hər hansı narahatlıq hiss olunmayıb. Eyni zamanda, bu gün Ermənistanın mina terroru can almaqda davam edir. 300-ə yaxın insan mina terrorunun qurbanı olub. Amma Ermənistana hər hansı təzyiq və çağırış yoxdur. Müharibədən sonra daha çox mülki insanın həyatını itirməsi Avropa tərəfindən gözardı edilməkdədir".

Deputat təəssüflə vurğulayıb ki, eyni riyakarlıq Kanada tərəfindən də sərgilənməkdədir: "Kanadanın Aİ-nin Ermənistandakı missiyasına qoşulması humanizm prinsiplərinin pozulmasıdır. Maraqlıdır ki, minadan təmizləmə sahəsində fəal olan Kanada təşkilatları nədənsə bu təcrübəni Azərbaycanla bölüşmək, bölgənin təhlükəsizliyinə töhfə vermək istəmir. Görünən budur ki, Ermənistanın təxribatçı əməllərinə dəstək verənlər bu bölgədə gərginliyin artmasında maraqlıdır. Belə olan halda, baş verə biləcək istənilən insidentin məsuliyyəti Ermənistanla bərabər, Qərb dairələrinin də üzərinə düşür".

report.az

Xəbərlər