Ümumi 1 Dekabr 2022, 16:25 | Baxış sayı: 167
“Böyüklər, yaşlı insanlar bilirlər ki, Allahdan istəmək lazımdır, Şaxta babadan yox…”

Azərbaycanda Yeni ilin qeyd edilməsinə qarşı çıxanlar var. Bildirilir ki, Yeni il xristanlara məxsus bayram olduğu üçün müsəlman ölkəsində belə təntənəli şəkildə qeyd edilməsi doğru deyil, insanlar Yeni ildə Şaxta babaya öz istəklərini bildirirlər, halbuki İslam dininə görə, Allahdan istənilməlidir…

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə Pravda.az-a müsahibəsində Yeni ilin keçirilməsinə etiraz etməyib.

 

Deputat bildirib ki, uşaqlar Şaxta babadan hədiyyə istəməyə öyrəşiblər: “Yeni ili həmişə qeyd etmişik. Şaxta babadan körpə uşaqlar hədiyyə istəyirlər. Böyüklər, yaşlı insanlar bilirlər ki, Allahdan istəmək lazımdır. Təbii ki, Allahdan istəməliyik, bütpərəst deyilik. Uşaqlar Yeni il şənliklərinə əyləncə kimi baxırlar. Körpələr gülür, sevinirsə, nə xoş. Burda mənfi nəsə görmürəm…”

 

C.Paşazadə deyib ki, 31 dekabr eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir: “30 il işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Qələbimizi gözü götürməyən, Azərbaycanın birliyini, türkçülüyünü istəməyən qüvvələr, ölkələr əleyhimizə fikirlər səsləndirdilər. Dünyada gedən prosesləri görürsünüz. Bu gün Cənubi-Şimali, bütün dünya azərbaycanlılarının bir-birini dəstəkləməsi vacib məsələdir, ölüm-qalım məsələsidir. Azərbaycan diasporu, birliyi, həmrəyliyi isə öz sözünü deyir, deməyə də davam edir. Bu baxımdan, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün keçirilməsi daha yaxşıdır”.

Xəbərlər