Cəmiyyət 17 İyul 2021, 15:56 | Baxış sayı: 429
"Boşanmaya səbəb olan məsələlərin aradan qaldırılması üçün cəmiyyət çalışmalıdır".

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, deputat Jalə Əliyeva: "Cəmiyyət boşanmaya səbəb olan məsələlərin aradan qaldırılması üçün çalışmalıdır".
“Bizim adət-ənənələrimiz möhkəm tellərlə tariximizə bağlıdır. Həmişə Azərbaycan ailəsi həm cəmiyyətdə, həm dünyada nümunəvi bir ailə olub. Biz o ənənələri həmişə qoruyub saxlamaq tərəfdarı olmuşuq. Yəni konkret olaraq boşanmaya pis və ya yaxşı baxmaqdan söhbət getməməlidir. Ümumiyyətlə, boşanmaya səbəb olan məsələlərin aradan qaldırılması üçün cəmiyyət çalışmalıdır. Çünki gənc ailənin hər zaman bir yardıma, ağsaqqal sözünə ehtiyacı olur. Bütün zamanlarda və dövrlərdə böyüklər yeni qurulan ailənin təməllərini möhkəmləndirməyə çalışıblar. Boşanma nə qədər az olarsa, cəmiyyət bundan daha çox qazanar və saflaşar”.


J.Əliyevanın fikrincə, boşanma zamanı ilk zərbə uşağa dəyir.
“Bir anlıq fikirləşək ki, boşanmış ailələrdə əgər dünyaya gələn uşaq varsa, birinci zərbə ona dəyir. Uşaqların valideynsiz böyüməsi o qədər də ürəkaçan deyil. Bu da cəmiyyətin yaralanmasına səbəb olur. Birinci növbədə uşaqlarımızın gələcəyini nəzərə alaraq, istəyirik ki, boşanmaların sayı az olsun. Ümumiyyətlə, boşanmalar olmasın. Düşünülmüş evliliklər olsun və bunun 5 günlük bir sərgüzəşt olmadığını anlasınlar. Bu əbədi bir həyat olmalıdır. Ona görə düşünürəm ki, təkcə Azərbaycanda yox, bütün dünyada nə qədər boşanma az olsa, bir o qədər yaxşı olar. Bundan da qazanan birinci növbədə uşaqlarımız olar”.

Xəbərlər