“Bölgələrdə idarəetmə sisteminə yetərli maliyyə vəsaiti ayrılır, lakin rayonlarda vəziyyət ürək açan deyil".
“Bölgələrdə idarəetmə sisteminə yetərli maliyyə vəsaiti ayrılır, lakin rayonlarda vəziyyət ürək açan deyil. İcra başçısı Prezidenti təmsil edir və icra başçısı televizorda yoxdur. Bəs bir bölgənin, rayonun yüz dənə problemi var, icra başçısı niyə televizorda olmasın? Prezidenti təmsil edirsə, Prezident özü medianın qarşısına çıxırsa, icra başçısı da çıxsın, rayonun problemlərini müzakirə etsin, bələdiyyənin fəaliyyətini dirçəltsin, canlandırsın. Bələdiyyə təkcə evlərdən, torpaqlardan pul yığmaq demək deyil ki. Bütün qurumlar məhv edilib və hər yanda ancaq qadağalardır”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.
“Bütün tikinti sektoru dayandı, minlərlə insan işsiz qaldı, pensiya sahəsində 180 min adamın pensiyası ləğv olundu, minlərlə adam ac çöllərdə qalır. Bu da hamısı etirazçı cəmiyyətin yetişməsinə səbəb olur. Hakimiyyət öz əli ilə öz komandasının bilavasitə səyləri ilə özünə etirazçı, üsyankar təbəqə yetişdirir. Ona görə də bu məsələlərdə yeniləşmə adı ilə kadrlar seçildi, amma kənd təsərrüfatından başı çıxmayan adam kənd təsərrüfatı rayonuna icra başçısı təyin olunur. Rayona icra başçısı təyin olunub, amma rayonun mərkəzi zibilliyin içində batıb gedir. O adamın vecinə deyil, çünki o beş-on nəfər dostu ilə həftəsonu istirahət etməyə, "piknik" təşkil etməyə öyrəşib. Budur problemin kökü...” – F.Mustafa qeyd edib.