Siyasət 20 Oktyabr 2023, 12:47 | Baxış sayı: 94
"BMT Təhlükəsizlik Şurası gözləntiləri doğrultmur"

BMT Təhlükəsizlik Şurası gözləntiləri doğrultmur.

Bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, BMT-nin yaranma məqsədlərindən ən vacibi dünyadakı münaqişələri ədalətli həll etmək və sivil insanların təhlükəsizliyinə nail olmaq idi. Lakin BMT-nin qərar və qətnamələrinin həyata keçmədiyini görürük: "Dünyada, xüsusilə Avropanın mərkəzində mülki insanlar, hətta uşaqlar müharibə qurbanına çevrilib. Lakin BMT Təhlükəsizlik Şurası ona olan gözləntiləri doğrultmur, funksionallığı yox dərəcədədir və böyük qüvvələr arasında siyasi polemika meydanını xatırladır. BMT Təhlükəsizlik Şurası İsrailin Qəzzada keçirdiyi əməliyyat prosesində tamamilə faydasız təsisat olduğunu bir daha nümayiş etdirdi”.

Müşfiq Cəfərov qeyd edib ki, əgər zamanında BMT Qarabağ kimi münaqişələrin həllinə dürüst yanaşsaydı, bu gün nə Avropa, nə Qəzzada körpələr, mülki şəxslər həyatını itirməyəcəkdi: “BMT Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı 4 qətnamə qəbul etsə də, 30 il müddətinə onun icrası üçün hərəkət etmədisə, təbii ki, bu gün digər dövlətlər qurumun qəbul etdiyi prinsiplərə riayət etməyəcək. Avropa Parlamenti, AŞPA, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən də çoxsaylı qərar və qətnamələr qəbul edilmişdi və bu sənədlərdə Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Ancaq bunlar kağız üzərində qaldı. 2020-ci ilədək münaqişənin həlli istiqamətində heç bir irəliləyiş əldə olunmadı və beynəlxalq təşkilatlar da bu məsələyə açıq-aşkar biganəlik müşahidə etdirdi. Əgər BMT bu məsələdə prinsipallıq nümayiş etdirsəydi, bu gün dünya insanlar üçün daha gözəl bir məkana çevrilərdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü özü təmin etdi. Bir məqam da diqqət çəkir. Azərbaycana münasibətdə Təhlükəsizlik Şurasının iclasını çağıran ABŞ Braziliya tərəfindən Qəzza bölgəsində baş verənlərlə bağlı humanitar əsaslarla təqdim edilən qətnaməyə veto qoydu. ABŞ daimi nümayəndəsinin riyakar çıxışını isə hamı gördü. Bütün bunlar göstərir ki, BMT-nin bütün təsisatları yenilənməli, bu təşkilat daha obyektiv quruma çevrilməlidir”.

APA

Xəbərlər