Siyasət 17 Mart 2023, 12:55 | Baxış sayı: 99
“Bəlkə, bütün bunlar müsəlman olduğumuza görədir? Avropa “səlib yürüşləri”ni davam etdirmək niyyətindədir?”

“Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamə qəbul etməsi ikili standartların, qərəzli yanaşmasının növbəti təzahürüdür. Bu addım bu gün özünü demokratiyanın beşiyi hesab edən Avropanın öz dəyərlərinə növbəti xəyanətidir. Bu qətnaməni qəbul edənlərə belə bir sual ünvanlamaq istəyirəm. Bu gün mənim rayonum, kəndim, evim, yaxınlarımın qəbirləri barbarcasına dağıdılıb. Böyüyüb-başa çatdığım evimi tapa bilmirəm. Mənim babamın, nənəmin qəbri dağıdılıb, sümükləri çıxarılıb. Bununla ermənilərin ürəyi soyumayıb, bu qəbirləri və sümükləri təhqir ediblər. Siz təsəvvür edirsinizmi bu, nə deməkdir? Eyni zamanda, ibadət yerlərimiz, 67 məscidimiz barbarcasına dağıdılıb, içərisində donuz və inək saxlanılıb. Bütün bunlar məqsədli edilib...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Deputat bildirib ki, Vətən müharibəsində qələbədən sonra da ermənilər torpaqlarımızda mina basdırmağa, davamlı olaraq atəşkəsi pozmağa davam etdilər: “Bəs 30 ilə yaxın müddətdə Avropa Parlamenti harada idi? Niyə bütün bunlara heç bir reaksiya verilmədi? Yoxsa bunları görmək və eşitmək istəmirlər? Niyə o vaxt Ermənistan əleyhinə qətnamə qəbul etmədilər? Niyə Ermənistandan tələb etmədilər Azərbaycan torpaqlarını boşaltmağı? Bəlkə, bütün bunlar müsəlman olduğumuza görədir? Bəlkə, Avropa bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biri olan “səlib yürüşləri”ni davam etdirmək niyyətindədir? Bu, nə siyasət və yanaşmadır? Suallar çoxdur...”

Xəbərlər