"Bizim üçün də sərf etmir ki, neftin qiymətləri bu formada yüksək rəqəmlərə gəlib çatsın".
“Bəzi “ekspert”lər, “tənqidçi”lər bir şeyi düz deyirlər. Neftin qiymətinin qalxmasının, yaxud aşağı düşməsinin Azərbaycana təsiri var. Bununla tam razıyam. Neft bahalaşanda Azərbaycan hökuməti daha çox infrastruktur layihələr həyata keçirdi. Min kilometrlərlə yollar, on min kilometrlərlə işıq kabelləri, energetikanın gücünün artması, qazlaşdırılmanın inkişafı, sahibkarlara yaradılan şərait və s. Bütün bunlar hamısı Azərbaycanın iqtisadi müstəqilliyi üçün böyük köməkdir. Təbiidir ki, neftin qiyməti aşağı düşəndə sosial layihələri çıxmaq şərti ilə, başqa layihələrin məcburiyyət qarşısında ya vaxtı uzanır, ya da növbəti ilə keçirilir. Sarkazmla deyirəm ki, mən bu tənqidçilərlə razıyam. Son 20 ildə Azərbaycanda iqtisadiyyatın strukturunun tamamilə dəyişildiyini görməmək üçün kor olmaq lazımdır. Hər il iqtisadi inkişaf templəri ən azı 3,5-5,5% artırdı. Cənab Prezident qeyd etdi ki, indi inkişaf tempi 6,2% artıb. Bu, bizim üçün çox vacib məsələdir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Deputat bildirib ki, 44 günlük müharibədə çaldığımız qələbəni bəzi “tənqidçilər”in yadına salmaq lazımdır: “Bu, nəyin hesabınadır? Əlbəttə ki, iqtisadiyyatın qüdrətinin. Ölkələr arasında müharibə olanda o ölkə qələbə çalır ki, onun daha qüdrətli iqtisadiyyatı var. Bizim üçün də sərf etmir ki, neftin qiymətləri bu formada yüksək rəqəmlərə gəlib çatsın. Çünki biz ixrac edən ölkəyik. Bizdən idxal edən ölkələrin neft ala bilmələri bizim üçün maraqlıdır. Yaddan çıxarmayaq, neftin qiyməti qalxırsa, kifayət qədər yüksək qiymətlə ixrac olunursa, neft məhsulları və onun əsasında istehsal olunan malların da maya dəyəri artır və daha baha qiymətlə Azərbaycana idxal edilir. Ona görə bizim üçün yüksək, amma stabil qiymət maraqlıdır. Qiymətin belə dəyişməsi də iqtisadi oyunlardır, dünyanı idarə edən qrupların oyunları. Bu, bizə sərf eləmir. Cənab Prezident dünən müşavirədə də bildirdi ki, bu oyunların dünyada qiymətli kağızlara və kapital bazarına böyük mənfi təsiri oldu. Bir çox dünyəvi fondlar iflasa uğradı. İqtisadiyyatda elə bir qanun yoxdur ki, bütün ölkələrə, iqtisadi subyektlərə ancaq müsbət gətirsin. İstənilən dəyişikliklərin mənfi və müsbəti var”.
R.Quliyev deyib ki, inflyasiya bu gün ümumbəşəri bəladır: “Hətta iqtisadiyyatı güclü olan ölkələr bununla bacarmırlar. Bu, qaçılmaz məsələdir. Kökü hələ 2008-ci ildəki böhrandan başlayıb kumulyativ metodla gəlib çıxıb. Bu gün Avropanın düz ortasında gedən Rusiya-Ukrayna müharibəsinin özünün kifayət qədər ziyanı var. Logistik yollar kəsildi, nəqliyyat xərcləri dəfələrlə artdı. Nəqliyyat xərclərində ən azı 50-70% artım var. Bütün bunlar idxal, ixrac olunan malların hamısının maya dəyərinə, sonda da qiymətinə təsir edir. Cənab Prezidentin çıxışında da aydın formada bildirildi ki, gəlirlərdə 20% artım oldu. Amma nə etmək olar ki, 12,5%-ə qədər inflyasiya mövcuddur. Bundan da qaça bilmirik, bilməyəcəyik. Sadəcə, bununla mübarizə aparırıq. Hətta bəzi ölkələr, o cümlədən Azərbaycan inflyasiyaya qarşı məcazi mənada müharibə də elan edib. İnflyasiyanın həlli yolu Azərbaycan daxilində yerli istehsalın artımında görürəm. Büdcəmizdə bu ildən başlayaraq gəlir hissəsinin 60%-i qeyri-neft sektorundan əldə edilir. Bu, çox gözəl rəqəmdir. Bir daha şəffaf formada göstərir ki, iqtisadiyyatımızı düzgün formada inkişaf etdiririk. Neftdən, qazdan asılılığımızı azaldırıq”.