Cəmiyyət 27 Fevral 2023, 15:51 | Baxış sayı: 149
“Biz müəllimi belə rahatlıqla xərcləyə bilmərik”

"Müəllim bütün hallarda uşağı döyməməlidir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Millət vəkilinin sözlərinə görə, uşağın da hər hansı bir davranışlarına qarşı bəlli bir mexanizm hazırlanmalıdır:

"Sinifdə oxumaqla bağlı hansısa bir problem yaradan uşaqların müəyyən məktəb sistemi içində cəzalandırılması məsələsi gündəmə gəlməlidir. Yəni, dərsdən kənar ayrıca bir yerdə müəyyən dərəcədə bu uşaqların psixoloq, pedaqoq tərəfindən tənbeh olunması, sinif otağından çıxarılması və müəyyən dərəcədə məzəmmət olunması istiqamətində addımlar atılmalıdır. Çünki qocaman bir müəllimin müəyyən dərəcədə psixoloji zəifliyindən, yaxud da çətinliyindən istifadə edərək, ona da iztirab yaşatmaq heç bir uşağın haqqı deyil, o cümlədən də valideynlərin çoxu da bunu istəməz. Hamı uşağını qoyur ki, müəllim onun həm də mənəvi tərbiyəsi ilə məşğul olsun, ona müəyyən dərəcədə yaxşı fikirlər aşılansın.

Amma belə bir halda, əgər bunu aşılamaq mümkün deyilsə, onda nə baş verməlidir? Bu baş verir  ki, insanlar artıq özlərini orta məktəbdən lazım olan bilgi və tərbiyə qabiliyyətlə hazırlaya bilmirlər. Amma, bütün hallarda müəllimin bu hərəkəti yolverilməzdir. Müəllim uşağa hər hansı bir şəkildə əl qaldırmamalıdır. Müəyyən tərbiyənin müxtəlif formaları var və bu təsir imkanlarından istifadə olunsa həm uşaq üçün faydası olar, həm də müəllimin özü üçün də bu rahatlıq olar. Çünki müəllimin də ucuz vasitələrlə sıradan çıxarılmasına, töhmət alınmasına, yaxud da incidilməsinə yol verilməz. Çünki müəllimi yetişdirmək özü də böyük bir çətinliklərlə başa gəlir. Biz müəllimi belə rahatlıqla xərcləyə bilmərik. Müəllimi qorumalıyıq, müəllimin müəyyən dərəcədə həm də əsəbini, onun həyatını, düşüncəsini, mövcudluğunun vacibliyini cəmiyyət olaraq dərk etməliyik", - deyə deputat sonda fikirlərini yekunlaşdırıb.

Xəbərlər