Plenar iclaslar 17 Noyabr 2021, 16:01 | Baxış sayı: 150
"Biz hər şəhid ailəsinin, qazimizin mənzil və nəqliyyat vasitəsi ilə təmin olunmasını istəyərdik".

“Şəhid ailələrinə və qazilərə mənzillərin hansı prinsiplərlə verilməsinə aydınlıq gətirilməlidir. Biz hər şəhid ailəsinin, qazimizin mənzil və nəqliyyat vasitəsi ilə təmin olunmasını istəyərdik. Burada şəffaflıq olmadıqda narazılıq olur və bu narazılıq da dövlətimizə qarşı olur”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, ağır vəziyyətdə yaşayan şəhid ailələri və qazilər var ki, evlə təmin olunmayıb: “Təklif edirəm ki, hər rayonda şəhid ailələri və qazilərə ev verilməsi üçün yaradılan komissiyalara millət vəkilləri dəvət edilsin. Çünki bütün millət vəkilləri öz rayonunda olan şəhid ailələri və qazilərlə bağlı kifayət qədər məlumatlıdırlar”.
M. İbrahimqızı qeyd edib ki, əlilliyi kəsilən insanlarla bağlı problem qalmaqdadır: “İnsanlar 2-3 aydır pul ala bilmirlər. Digər tərəfdən, məşğulluq problemi var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq marafonunu alqışlayıram. Digər dövlət qurumları da bu marafona qoşulmalıdır. Onlar işə götürdükləri şəhid ailələri və qazilərlə bağlı məlumatı bizimlə bölüşsələr, yaxşı olar”.

Xəbərlər