"Biz həmişə demişik ki, Qarabağdakı ermənilərə öz vətəndaşımız kimi baxırıq"
"Qarabağ bizim suveren ərazimizdir və orada yaşayanlar, Azərbaycan suveren dövlətinin, hakimiyyətinin altındadır. Yəni, orada yaşayanlar Azərbaycan qanunlarına tabe olmalıdırlar".
Demokrat.az xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Erkin Qədirli deyib. Millət vəkili qeyd edib ki, artıq orada yaşayan ermənilərlə ünsiyyətin qurulması vacibdir:
"Ona görə ünsiyyət qurulmalıdır ki, yavaş-yavaş orada Azərbaycan hakimiyyəti qurulsun, Azərbaycan dövlətinin hakimiyyət orqanları yerləşsin, Azərbaycan qanunları işləsin. O baxımdan çox önəmlidir ki, məhz bu görüş qanunvericilik hakimiyyətinin təmsilçisi, həmkarımız Ramin Məmmədov vasitəsilə quruldu. Düzdür əvvəllər də görüşlər olub, daha çox təhlükəsizlik məsələləri, hərbi kontektsdə və s. kimi söhbətlər olub. Amma bu artıq vətəndaş cəmiyyətinin və gələcəkdə barış formatının qurulması üçün ən uğurlu variantdır. Çünki onlar seçicilərdir, onlara seçici gözüylə də baxmaq lazımdır. Bu proses açıq olması çox önəmlidir. Hər iki tərəf görsün ki, etibarlı münasibətlər qurulmağa yön alınır. Bu, heç də kiçik addım deyil, böyük addımdır. Addımla yanaşı, bəyanatdır. Biz bütün dünyaya, beynəlxalq ictimaiyyətə göstəririk ki, illərdi dediyimiz sözümüzü yerinə yetirdik. Biz həmişə demişik ki, ünsiyyətə açığıq, Qarabağdakı ermənilərə öz vətəndaşımız kimi baxırıq. Bizə maneə olmasalar, özümüz bu ünsiyyəti quracağıq".