"Biz haqqımız uğrunda mübarizə aparırıq"
“Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi, Azərbaycan - Ermənistan münasibətlərinin yaxşılaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərimizin müəyyənləşdirilməsi region, ilk növbədə siyasi - iqtisadi böhran içərisində olan Ermənistan üçün çox vacibdir. Ötən 28 aydan artıq müddət ərzində Moskvada, Soçidə, Brüsseldə və Praqada siyasi nizalanma, sülh məqsədilə keçirilən yüksək səviyyəli danışıqlara baxmayaraq Ermənistan yenə də sülh sazişinin imzalanması üçün qəti qərara gəlməyib”.
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat bildirib ki, Paşinyan başda olmaqla bir çox erməni siyasətçilər, rəhbərlər keçmişin şirin xülyası ilə yaşayır, Qarabağ torpaqlarına sahib olmaq üçün müxtəlif yollar axtarır və ən çirkin əməllərdən çəkinmirlər: “Onlar Qarabağda olan erməni separatçılarını yenidən silahlandırmağa, münaqişəni qızışdırmağa çalışırlar. Azərbaycan Qarabağda yaşayan erməni icmasının üzvləri ilə danışıqlara üstünlük verdiyi halda, ermənilər ərazilərimizdə öz mövqelərini möhkəmləndirmək üçün yeni postlar, mühəndis - istehkam qurğuları yaradır, silahlanmaya can atırlar. Əyri yollarla Qarabağa silah gətirilir, torpaqlarımıza minalar basdırılır, mövqelərimiz atəşə tutulur. Qarabağ bölgəsində 10 minlik şəxsi heyətin qalması və onların Ermənistan tərəfindən silah - sursatla təmin edilməsi əlbəttə ki, təhlükəsizliyimizə maneədir. Bu silah - sursat bilavasitə Rusiya sülhməramlıları dəstəyi və nəzarəti altında bölgəyə gətirilib ki, bu da imzalanmış bəyanatların tələblərinə tamamilə ziddir. Çox təəssüflər olsun ki, Ermənistan rəhbərləri 44 günlük müharibənin acı nəticələrində və düşdükləri böhranlı vəziyyətdən hələ də nəticə çıxarmaq fikrində deyillər. Laçın dəhlizi ilə silahların daşınması və revanş götürmək cəhdləri bunun sübutudur”.
T.Rzayev vurğulayıb ki, ölkə ərazisində suverenliyin tam bərpa edilməsi Azərbaycanın haqqıdır və xalqımız bunun üçün mübarizədən heç vaxt çəkinməyəcək: “Laçın rayonunda bütün yolların nəzarətə götürülməsi və nəzarət buraxılış məntəqəsinin qurulması bu günümüzün tələbidir. Beynəlxalq hüquq və mövcud vəziyyət bunu tələb edir”.