Siyasət 25 Sentyabr 2023, 16:05 | Baxış sayı: 183
“Biz dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır və heç bir kəs bunu inkar edə bilməz”

“Antiterror tədbirləri başa çatdıqdan sonra əsas məsələ təbii ki, reinteqrasiya məsələsidir. Daha doğrusu, Qarabağın erməni icmasının Azərbaycanla birgəyaşayışını təmin etməkdir”.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bunu açıqlamasında bildirib.

Millət vəkili bundan sonra atılacaq addımlarla bağlı təxminlərini bölüşdü: “Cənab Prezident İlham Əliyev xalqa müraciətində də bildirdi ki, əsas məsələ qanunsuz erməni hərbi birləşmələrinin tərksilah edilməsi, onların silah-sursat və texnikasının məhvi və ərazimizdən çıxarılmasıdır. Bizim dinc əhaliyə qarşı hər hansı bir ididamız yoxdur. Əgər dinc əhali Azərbaycan qanunlarına tabe olaraq, bayrağımız altında və Konstitusiyamıza uyğun yaşamaq istəyirlərsə, bütün milli azlıqlara edilən sosial və digər imtiyaz, təminatlar onlara da ediləcək. Yaşamaq istəməyənlər isə ərazimizi tərk edə bilərlər və bunun üçün humanitar dəhliz də var”.

A.Nağıyev Yevlax görüşü və perspektivlər barədə də danışdı: “Yevlaxda keçən görüş ilk görüş idi və təbii ki, hər şeyin dərhal həll olunacağını gözləmək də düzgün olmazdı. Qanunsuz hərbi birləşmələrdə olan silah-sursatın təhvil verilmə mexanizmi, komissiyaların yaradılması, zirehli texnika və silahların təhvili və utilizasiyası məsələləri, qanunsuz hərbi hissələrin ləğvi və hərbçilərin ərazidən cıxarılması məsələsi sözsüz ki, görüşün əsas istiqaməti olub. Buna paralel olaraq Rusiya sülhməramlılarının da iştirakı ilə reinteqrasiya prosesini həyata keçirmək lazımdır. Təbii ki, bu gün humanitar məsələlər, psixoloji gərginliyi aradan qaldırmaq mühüm amildir. Biz multikultural dəyərləri, tolerantlığı ilə seçilən bir dövlətik və bunu bütün dünya bilir. Yəni tək bir görüşlə bütün problemləri əhatə etmək mümkün deyil, ciddi işlər aparılmalı, mütəmadi görüşlər geçirilməlidir. Əsas hədəfimiz Xankəndində Azərbaycan bayrağının dalğalanmasını təmin etməkdir və belə də olacaq. Ermənilər də başa düşür ki, ağ bayrağı qaldırıb təslim olmaq hələ son deyil, hər hansı qanunsuz hərəkətlərə qarşı adekvat addımlar atılacaq. Onlar bir daha əmin olsunlar ki, Avropada, ABŞ-da qəbul edilən qərarlar və erməniləri vasitə kimi istifadə edənlər sülhün deyil, qarşıdurmanın tərəfdarıdırlar. Azərbaycan istənilən qanunsuz addımların qarşısını almaqda israrlıdır və heç bir beynəlxalq qanunları pozmur. Biz dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır və heç bir kəs bunu inkar edə bilməz”.

musavat.com

Xəbərlər