“Biz deputatları bu cür terrorla qorxutmaq mümkün deyil”
"Azərbaycan dünyanın ən stabil və təhlükəsiz ölkələrindən biridir və yaxud birincisidir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev deyib.
Deputat qeyd edib ki, millət vəkili Fazil Mustafaya edilən hücum terror aktıdır:
"Təbii ki, bizim həmkar qardaşımızın, Fazil bəyə olan bu terror aktıyla bağlı dövlət öz işini yaxşı bilir. Hüquq-mühafizə orqanları bu istiqamətdə ciddi işlər görür. Hesab edirəm ki, üç gün ərzində bunu törədən cinayətkarlar tapılacaq. Azərbaycanda belə məsələni törədib gizlətmək mümkün deyil. Daxili İşlər Nazirliyində kifayət qədər professional insanlar var, xüsusi təyinatlı orqanlar, prokurorluq əməkdaşlarımız var. Ona görə səbirli olub, gözləyək görək bunun altından kim çıxır. Bu terror aktını həyata keçirən insanlar mütləq yaxalanacaqlar. Bunun heç kəsin şübhəsi olmasın. Buna mən də inanıram, amma bunun arxasında kim durub? Əslində, biz bu cür məlumatı terrorçu yaxalanandan sonra əldə edəcəyik. Əgər bunlar ələ keçməmək üçün özləri özlərini öldürməsələr, yəni bu variant da ola bilər.Çünki bu addımı atan insanlar gərək başa düşməlidir ki, Azərbaycan nə Afrika deyil, nə də Asiya deyil ki, burada belə bir terror aktı törədəsən. Özü də kimə qarşı? Millət vəkilinə qarşı. Dövlətin bunları tezliklə həbs etməməsi mümkün deyil. Ona görə, gəlin bir az səbirli olaq. İstintaqın nəticəsində biləcəyik ki, kim idi, hansı qüvvələr idi, hansı maraqlar var idi. Düşünürəm burada məqsəd ondan ibarətdir ki, Azərbaycanda hansısa formada nifaq salmaq, təşviş, yaratmaq və s. Amma biz buna gedən deyilik.
Bu terror aktı ilə heç bir deputatı qorxutmaq mümkün olmayacaq! Millət vəkilləri öz siyasi aktivliyindən, öz fikrindən, öz siyasi mövqeyindən dönən deyil. Mən bunu cəsarətlə bütün millət vəkillərinin adından deyirəm. Biz öz mövqeyimizdə duracağıq, yəni biz deputatları bu cür terrorla qorxutmaq mümkün deyil! Düşünürəm ki, deputatları xüsusi qorumaq, cangüdən, odlu silah daşımaq və s. bunlara ehtiyac yoxdur. Bu, mənim şəxsi fikrimdir".