KOMİTƏ İCLASLARI 17 Noyabr 2023, 18:11 | Baxış sayı: 217
"Birrəqəmli inflyasiyaya nail olmaq barədə düşünmək lazımdır"

Azərbaycanda birrəqəmli inflyasiyaya nail olunması barədə proqnozun özünü doğrultması üçün bu barədə düşünmək lazımdır.

Bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Adətən payız-qış aylarında qiymətlər azalmır, əksinə artır. Deməli yaya qədər ikirəqəmli olan inflyasiya süni surətdə azaldılmasa, ilin sonuna bir rəqəmli olmayacaq. Ona görə də bu barədə düşünmək lazımdır. Beynəlxalq Valyuta Fondu bildirib ki, qarşıdakı iki ildə qlobal inflyasiyanı doğuran amillərin əksəriyyəti öz fəaliyyətinin pik nöqtəsində olacaq. Belə bir şəraitdə Fond inflyasiyanı səngitməkdən ötrü mərkəzi banklara tövsiyə edir ki, uçot dərəcələrini sərtləşdirsin. Amma Azərbaycanda uçot dərəcəsi azaldılır", - deyə o qeyd edib.

Bundan başqa, deputatın sözlərinə görə, Azərbaycanda dövlət büdcəsi vasitəsilə özəl sektora kifayət qədər dəstək verilsə də, bunun nəticəsini aydın görmək olmur: "Bu dəstəyin müqabilində özəl sektorun büdcə gəlirlərinin artırılmasında töhfəsi necədir? Onun dinamikası hansı istiqamətdə gedir? Bizə daxil olan müraciətlərin əksəriyyətində 2024-cü ilin büdcəsindən maaşların, pensiyaların nə qədər artacağı ilə bağlı gözləntilər var. Büdcənin sosial xərcləri təxminən 7 % artırılır. Bunu bilavasitə inflyasiya göstəricisinə uyğunlaşdırsaq, gələn il üçün artımdan söhbət getmir, yalnız inflyasiyaya uyğun kompensasiyadan söhbət gedir. Büdcədə biz rast gəlmədik ki, minimum əməkhaqqı artacaqmı",- deyə deputat əlavə edib.

report.az

Xəbərlər