"Bir sıra ali məktəblərdə maaş orta məktəb müəllimindən aşağıdır"
Bir sıra ali təhsil müəssisələrində maaş orta məktəb müəllimindən aşağıdır.
Bunu bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Ceyhun Məmmədov bildirib.
Ceyhun Məmmədov deyib ki, ali təhsil müəssisələrinin adambaşına maliyyələşməsi sisteminə yenidən baxılmalıdır: “Bu gün universitetlər tələbədən təhsil haqqını alır və onun hesabına universitetləri saxlamağa çalışırlar: “Belə olan halda universitetlər daha çox tələbə sayını artırmaq barədə düşünürlər. Ali təhsil müəssisələrində, elmi müəssisələrdə, o cümlədən akademiya sistemində çalışan insanların maaşının artırılması məsələsinə də baxılmalıdır. Bu gün bir sıra təhsil müəssisələrində maaşlar çox aşağıdır. Həyata keçirilən islahat nəticəsində orta məktəb müəllimlərinin maaşı artırılıb. Bu gün bir sıra ali təhsil müəssisələrində maaş orta məktəb müəllimindən aşağıdır. Bu ziddiyyət aradan qaldırılmalıdır. Universitetlərin tədqiqat yönümlü fəaliyyətinin dəstəklənməsi üçün əlavə maliyyə vəsaitinin ayrılması məsələsinə baxılmalıdır”.
Deputat qeyd edib ki, son illər Prezident İlham Əliyevin və Birinci vitse prezident Mehriban Əliyevanın bilavasitə diqqət və qayğısı ilə ölkəmizdə yüzlərlə məktəb inşa və təmir olunub: “Ancaq bu gün ölkədə təxminən 800 məktəb təmirsiz vəziyyətdədir. Əlbəttə bir ilə bütün məktəbləri təmir etmək mümkün deyil. Ancaq düşünürəm ki, müddəti qısalda bilərik. 10 ilə deyil, daha qısa müddətə təmir işini yekunlaşdıra bilərik. Bu gün bəzi bölgə məktəblərində vəziyyət çox ağırdır. Digər tərəfdən, bəzi bölgələrdə xüsusilə Bakıda çox ciddi məktəb sıxlığı var. Bu da təhsilin keyfiyyətinə çox ciddi təsir göstərir. Bu məsələnin həlli istiqamətində tədbirlərin sürətləndirilməsinə ciddi ehtiyac var”. APA