"Bəhram Bağırzadə həmin fikirlərinə görə rayondan gələn gənclərimizdən üzr istəsin !"
“Bəhram Bağırzadəyə böyük hörmətim var. Çünki o, həqiqətən çox sayılan, hörmətli yoldaşdır. Amma onun “Danışaq?” verilişində səsləndirdiyi fikirlərə münasibətim müsbət deyil. Bəhram Bağırzadəyə hardan məlum oldu ki, veriliş gedən zaman restoranda əyləşib səs-küy salan gənclər elə ancaq rayondan gələnlərdir? Guya şəhərdən olanlar səs salmırlar? Bu, gənclərin çıxış edən şəxsə özlərinin hörmətindən, diqqətindən, sayqısından asılı bir şeydir. Ola bilər, səs-küy salan, özünü yaxşı aparmayan gənclərin arasında şəhərlilər daha çox olub. Təbəqələrə bölmək, şəhər-kənd münasibətlərini belə sərgiləmək düzgün deyil. Bu, hörmətsizlikdir...”
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat bildirib ki, bu gün istər şəhərdən, istər kənddən olan gənclərimiz intellektualdır, gələcəyə ümidlə baxırlar, vətənpərvərdirlər: “Buna görə də onları ayırmaq düzgün deyil. Gərək Bəhram Bağırzadə bu fikri əsləndirməyəydi. Çox haqlı olaraq onu tənqid edirlər. Bəzi adamlar da var idi, bir neçə il bundan əvvəl kənddən, rayonlardan gələnlərə çox tənqidi münasibət bəsləyirdilər. Deyirdilər ki, rayondan gəlib şəhəri mədəniyyətsizləşdirdilər... Baxın görün, rayonlarımızdan, kəndlərimizdən nə qədər dahi insanlar çıxıb. Məgər onlar gəlib şəhərin mədəni səviyyəsini aşağı salıblar? Əslində belə deyil. Şəhərdə də müəyyən insanlar var ki, etik normalara əməl etmirlər, eləcə də kəndlərdə... Bəhram müəllimin fikirlərinə münasibətim qətiyyən yaxşı deyil. Mən istərdim ki, Bəhram müəllim yüksək intellekt nümayiş etdirib, həmin fikirlərinə görə rayondan gələn gənclərimizdən üzr istəsin. Çünki yaxşı deyil, bu, gənclərdə çox pis əhval-ruhiyyə yaradır. Kənddən, rayondan gələn gənclər elə bilirlər ki, onlar aşağı təbəqədən olan insanlardırlar, guya şəhərlilər onlara yaxşı münasibətdə deyillər. Eyniləşdirilməlidir, ya kənd, ya şəhər olsun. Biz azərbaycanlıyıq. Azərbaycanlı kimi milli-mənəvi dəyərlərimiz, etik normalarımız var. Müəyyən qayda pozula bilər, amma bunu təbəqələşdirmək düzgün yanaşma deyil, yolverilməzdir”.