Siyasət 17 Aprel 2023, 16:05 | Baxış sayı: 197
“Beynəlxalq təşkilatlar Azərbaycanda nəsə axtarır, hansısa hadisə baş verən an “qarğa-quzğun” kimi hücum edirlər”

“Hər birimiz görürük ki, dünyada ikili, selektiv yanaşmalar mövcuddur. Dəfələrlə söyləmişik ki, BMT başda olmaqla, bir çox beynəlxalq təşkilatlarda yenilənmə olmalıdır. Dünya düzəninin formalaşdırılması fonunda ölkələrarası münasibətlərə selektiv yanaşmalar, ayrıseçkilik, çox vektorlu standartlar və s. - bunların hər biri hazırda  dünyanı sarsıdan ən aktual məsələlərdir. 30 ilə yaxın torpaqlarımız işğal altında olan zaman da, 44 günlük Vətən müharibəsindən sonra da ölkəmizə qarşı bunu gördük. Hələ də bu proses davam edir. Dünya Ermənistanın barbar siyasətini, Azərbaycan insanına, ekologiyasına, torpaqlarına, abidələrinə qarşı terrorçu münasibətini, vəhşi yanaşmasını bir növ seyr edir. Lakin Azərbaycanda nəsə axtarır, hansısa hadisə baş verən an beynəlxalq təşkilatlar “qarğa-quzğun” kimi Azərbaycanın üzərinə hücum edirlər. Təbii ki, bunların heç biri Azərbaycanı getdiyi yoldan döndərə, ona təsir göstərə bilməz. Dövlət başçımızın siyasi iradəsi, qətiyyəti, xalqımızın birliyi bütün baryerləri aşmağımıza şərait yaradır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

 

Deputat bildirib ki, son zamanlar Ermənistanın xarici siyasətində çoxşaxəli və reallığa uyğunlaşmayan, sözdə bir, əməldə başqa hərəkət siyasəti, əks qütbdə olan dövlətləri üz-üzə qoyması, özünü ərköyün dövlət kimi aparması hələ də böyük güclərin, beynəlxalq təşkilatların bir çoxunun yalnız susmasına gətirib çıxarıb: “İrəvanda keçirilən idman yarışındakı barbar hərəkət ilk növbədə deməyə əsas verir ki, bu məsələ planlaşdırılmış, ssenarisi yazılmış, qurulmuş səhnə idi. Bunu birbaşa Ermənistan dövlətinin hazırladığı açıq-aydın görünürdü. Ermənistanın Baş nazirinin və digər siyasilərin orada olması, nəticədə belə bir hadisənin baş verməsi təsadüf ola bilməzdi. Bayrağımıza qarşı vandallığı törədən, şarlatan Nikolyan təsadüfi seçilmiş personaj deyil. Ermənistanın özünü kiçik cığal uşaqlar kimi aparması, Azərbaycanın qələbəsini, uğurlarını gözü götürməməsi və bunun hirsini bayraqdan çıxması, bunu əsir götürülmüş hərbçilərimizə işğəncə verməklə göstərməsi bir daha Ermənistanın və toplumunun nə qədər cılız xüsusiyyətlərə malik olduğunu bütün dünyaya göstərdi. Hazırda dünyanın aparıcı saytlarında da artıq Ermənistanın bu siyasəti kəskin qınanır. İdman sülhü, əmin-amanlığı, dostluğu tərənnüm edir. Lakin İrəvanda keçirilən idman yarışındakı hərəkət, həqiqətən də, erməni zehniyyətinin hansı dərəcədə korlandığını və cənab Prezidentin də söylədiyi kimi, bu toplumun xalq ola bilmədiyini bir daha nümayiş etdirdi. Yalnız Beynəlxalq Ağır Atletika Federasiyasının bəyanata yox, konkret əməli addımlara keçilməsinə ehtiyac var. Yəni İrəvandakı yarış legitim sayılmamalıdır. Ən güclü komandalardan biri yarışı tərk edir və bu, idmana siyasətin qarışması fonunda baş verir. Beynəlxalq Olimpiya Komitəsi təcili bu hərəkətə reaksiya verməlidir. Ən azı bir il ərzində Ermənistanda olimpiya növləri olan federasiyaların beynəlxalq yarış keçirmələrinə icazə verilməməlidir. Ermənistan komandası ağır atletika üzrə beynəlxalq yarışlardan kənarlaşdırılmalıdır. Ermənistanın Ağır Atletika Federasiyası yüksək səviyyədə cərimələnməlidir. Bu, həm idman etikasının, həm də ədalətli idman oyunları prinsiplərinin kobud şəkildə pozulmasıdır. Bir ölkənin dövlət atributuna qarşı belə formada hörmətsizlik bütün dünya idman ictimaiyyəti tərəfindən kəskin qınanmalıdır».

Xəbərlər