Siyasət 31 Avqust 2023, 17:49 | Baxış sayı: 65
"Beynəlxalq Qırmızı Xaç Komitəsi yalnız ermənilərin maraqlarını güdür"

"Beynəlxalq Qırmızı Xaç Komitəsi yalnız ermənilərin maraqlarını güdür".

Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinin itkin düşmüş şəxslərlə bağlı BQXK-dən gözləntisi çoxdur:

"Təşkilat bu vaxta qədər itkin düşmüş azərbaycanlılarla bağlı heç bir iş görməyib. Bu gün Beynəlxalq İtkin düşmüş şəxslər günüdür. Azərbaycan cəmiyyətinin məhz bu gündə BQXK-dən daha çox gözləntisi var. Təşkilat itkin düşmüş 4 minə yaxın insanın taleyilə bağlı hesabatlar hazırlamalıdır. Bu şəxslərin ailələrinin çağırışlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, itkin düşmüş şəxslər haqqında məlumatların verilməsi təmin edilməlidir. Nəzərə alsaq ki, münaqişə başa çatıb və indi Ermənistan tərəfindən itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi tələb olunmalıdır. Amma biz bunun əksini görürük. 44 günlük Vətən müharibəsi zamanı Füzulidə ermənilər mühasirəyə düşərkən hay-küy salaraq bölgəyə gedən Qırmızı Xaç nümayəndələrinin onları Hadrut istiqamətində çıxartmağa çalışmasını yaxşı xatırlayırıq. Bu günlərdə Laçın sərhəd keçid məntəqəsində saxlanılan, Meşəli soyqırımını törədən cinayətkarlardan biri - Vaqif Xaçaturyana kömək də haqlı olaraq ikrah hissi yaradır".

"Məlumdur ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aşkarlanan kütləvi məzarlıqlardan çıxan insan sümüklərinin də azərbaycanlılara məxsus olduğu təsdiqlənib. Ümumilikdə, azad edilmiş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan 500-ə yaxın insan qalığı tapılıb. 4000-ə yaxın itkin düşmüş hesab edilən şəxsdən 15 nəfərin şəxsiyyəti müəyyən edilib və onların qalıqları ailələrinə təhvil verilərək dəfn mərasimləri də keçirilib. Kütləvi məzarlıqlarda aşkar edilmiş qalıqlardan 4-ü mülki şəxslərə, qalanlar isə hərbi qulluqçulara aid olub. Bu faktlar Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini, beynəlxalq hüququn norma və prinsiplərini birbaşa pozması hallarını sübut edir. Beynəlxalq Qırmızı Xaç Komitəsi bu faktlar əsasında nəticəyönümlü işlər görə bilər. Amma heç bir iş görmək istəmirlər", - Milli Məclisin üzvü qeyd edib.

K.Nurullayeva vurğulayıb ki, bu ilin iyul ayında erməni əsilli sürücülərin Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıq məhsullarını Azərbaycana gətirmək səyləri kimi neqativ faktlar təşkilata olan etimadı azaldır:

"Ümumiyyətlə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidəki missiyası qurumun Ermənistandakı ofisinə deyil, Bakı ofisinə tabe olmalıdır. Qurumun Xankəndidəki nümayəndələri ayrıca ofis kimi fəaliyyət göstərə bilməz. Bu təşkilat öz himanitar mandatına uyğun davranmalıdır. Sui-istifadə hallarına yol verməməlidir. Rəsmi Bakı da dəfələrlə xəbərdarlıq edərək bildirib ki, BQXK humanitar mandatına riayət olunması və ondan siyasi məqsədlər üçün sui-istifadə edilməməsi vacibdir".

report.az

Xəbərlər