Cəmiyyət 2 Mart 2022, 17:25 | Baxış sayı: 210
"Belə çətin vəziyyətlərdə bir sıra dövlətlərin vətəndaşları digər ölkələrə qaçqın statusu ilə köç edirlər".

“Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar yaranmış vəziyyətdə Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edənlərin sayının artdığı deyilir. İddia edilir ki, müraciət edənlər arasında Rusiyada yaşayan azərbaycanlılar, həmçinin ruslar da var. Azərbaycan vətəndaşlığı almaq üçün edilən müraciət əvvəlcə Azərbaycan Dövlət Miqrasiya Xidmətinə, müvafiq prosedurlardan sonra isə aiddiyyatı yerlərə göndərilməlidir. Məlumdur ki, vətəndaşlıq vermək səlahiyyəti yalnız Prezident İlham Əliyevə aiddir. Ümumiyyətlə isə, müharibə dövründə, təhlükəsizliyə təhdid yarandıqda müxtəlif ölkələrə köçlərin olması normaldır".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat qeyd edib ki, belə çətin vəziyyətlərdə bir sıra dövlətlərin vətəndaşları digər ölkələrə qaçqın statusu ilə köç edirlər: “Hesab edirəm ki, prosesə fərdi yanaşma ortaya qoymaq lazımdır. Ona görə də hər bir dövlət buna hazır olmalıdır. Əgər vəziyyətlə əlaqədar Azərbaycana da müəyyən axın yaranarsa, dövlətimiz bunun öhdəsindən gələ bilər. Nəzərə almaq lazımdır ki, Rusiyada yaşayan azərbaycanlıların əksəriyyətinin Azərbaycanda evi, şəraiti, qohum-əqrəbası və əlaqələri var. Yəni, Azərbaycan bütün bunları nəzərə alaraq həmin şəxslərin problemlərini həll etmək üçün müvafiq strukturlarla tədbirlər həyata keçirə bilər. Ümumiyyətlə, qaçqın və köçkün qəbul etmək mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Azərbaycan bu gün belə bir problem yaşamır".

Xəbərlər