İqtisadiyyat 5 İyul 2023, 15:21 | Baxış sayı: 174
““Baku İnşaat” MMC fırıldaq işlərlə məşğuldur”

Mən 3 ay əvvəl Milli Məclisin plenar iclasında çıxış edərək “Baku İnşaat” MMC adlı fırıldaqçı şirkət barəsində açıqlama verdim. Təxminən 8 aydan çoxdur ki, Axundov Azər İftixar oğlu ərizə ilə mənə  müraciət edib. Həmin vaxt “Baku İnşaat” MMC-nin müdiri olan Muradov Fərrux Əli oğlu qəbzlə pul alıb, ancaq iş yekunlaşmayıb, şirkət vətəndaşın 18 min manata yaxın pulunu mənimsəyib.

Bunu Heftelik.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib.

Deputat deyib ki, son 2,5 aydır ki, hüquq-mühafizə orqanları bu məsələni araşdırır, ancaq onlar qaçır, gizlənirlər: “Hüquq-mühafizə orqanları dəvət edir,  amma bunlar gəlmir, ad qoyurlar ki, rayondayıq, tikintidəyik, xaricdəyik, ölkədə deyilik. Bundan öncə Ramazan bayramında, indi də Qurban bayramında həyasızcasına sosial şəbəkələrdə reklamla, təbliğat-təşviqatla məşğuldurlar ki, insanlar onlara inansın. Ancaq insanlar bunlara inanmamalıdır. Bunlar insanlardan pul alıb, işi axıra çatdırmayıb, sonra da gizlənirlər”.

Rüfət Quliyev düşünür ki, bu yaxınlarda hüquq-mühafizə orqanları buna son nöqtə qoyacaqlar və bu işbaz, əlləri əyri olan oğru insanları məcbur edəcəklər ki, ya o evi tikib qurtarsınlar, ya da pulu qaytarsınlar.

Deputat qeyd edib ki, “Baku İnşaat” MMC  fəaliyyətini dayandırmayıb,  insanları aldatmaq, pullarını mənimsəməklə, oğurlamaqla, qaçmaqla məşğuldurlar: “Bunların innovativ, maraqlı bir üsulu da var. Direktorun adını dəyişirlər, bir direktor çıxır, digəri gəlir, sonra bu da çıxır, başqası gəlir. Sonra da deyirlər ki, direktor dəyişib. Sənədlər, qəbzlər ki, şirkət adından verilib? Amma bunlar belə üsullara əl atırlar. Məsələn, Axundov Azər İftixar oğlundan qəbzlə pul alan şirkətin direktoru Muradov Fərrux Əli oğludur. İndi də “Baku İnşaat” MMC  çox vaxt zənglərə cavab vermirlər. Cavab verəndə də deyirlər ki, Muradov Fərrux Əli oğlu  gedib, indi başqa müdirdir. Məsuliyyəti şirkət daşıyır! Keçmiş direktor qaçıb, indiki  direktor da cavab vermir”.

Deputat məsələ ilə bağlı parlamentdə yenə də çıxış edəcək: “Milli Məclisin qarşıdan gələn iclasında mən yenə çıxış edəcəm və hüquq-mühafizə orqanlarına rəsmi şəkildə müraciət edəcəm”.

Xəbərlər