KOMİTƏ İCLASLARI 3 Noyabr 2023, 16:11 | Baxış sayı: 106
"Bakıda yeni tikilən sənədsiz evlərə kommunikasiya çəkilməməsi insanların regionlara qayıtmasını təmin edə bilər"

Bakıda yeni tikilən sənədsiz evlərə hər hansı kommunikasiya vasitələrinin çəkilməməsi ilə bağlı qərar qəbul edilib. Bu, əslində doğrudur.

Bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu, vətəndaşların regionlara qayıdışını təmin edə bilər: “Amma vətəndaş hara qayıtsın? İlk olaraq bu problem həll edilməlidir. O cümlədən Naxçıvanda olan əhalinin çoxu Bakıdadır. Naxçıvana əhalinin qayıdışı üçün iş yeri açılmalıdır. İşsiz əhalidən kommunal xərcləri Bakı ilə eyni ödəmək tələb olunur. Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı Prezident tərəfindən Dövlət Proqramı qəbul edilib. Amma bu proqram nə vaxt reallaşacaq? Hələ İran yolu açılmayıb, təyyarə qiymətləri bahadır. Bir yüngülləşdirici hal odur ki, Naxçıvan qeydiyyatında olan insanlar Türkiyəyə gedə bilirlər. Amma bütün xəstə və tələbələr üçün quru sərhədləri ilə gediş-gəlişinə icazə verilməlidir. Digər tərəfdən, dövlət proqramlarının sadəcə maliyyə göstəriciləri deyil, keyfiyyət, səmərəlilik göstəriciləri barədə məlumat verilməlidir. Məsələn, narkomaniya. Narkomanların sayı artmaqdadır. Bəs bu sahədə Dövlət Proqramının nəticəsi nə olub?”

apa.az

Xəbərlər