İqtisadiyyat 21 İyun 2023, 15:09 | Baxış sayı: 92
“Bakıda meyvə-tərəvəz qiymətləri ucuzlaşmaq yerinə bahalaşır"

Yay mövsümündə cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri meyvə-tərəvəzin qiymətidir. 

Alıcılar meyvə-tərəvəz qiymətində artım müşahidə etdiklərini söyləyirlər. Eyni zamanda Azərbaycanda son vaxtlar şəkər tozunun qiymətində də artım hiss olunur. Bildirib ki, şəkər tozunun qıtlığı mövsümü amillərlə bağlıdır. 

Son zamanlar meyvə-tərəvəzin, ərzaq məhsullarının qiymətinin artması cəmiyyətdə narazılıqlara səbəb olub. 

Bəs qiymətlərin artmasının əsl səbəbi nədir?

 

Bununla bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev açıqlama verib.

 

Tahir Rzayev ərzaq məhsullarının, eləcə də meyvə və tərəvəzin süni şəkildə qiymətinin artırılmasının əleyhinə olduğunu söyləyir:

 

"Süni qiymət artımı gələcək üçün heç də yaxşı nəsə vəd etmir. Ancaq bu gün bir çox ərzaq qiymətlərinin bahalaşması dünyada baş verən bir prosesdir. Xarici ölkələrlə ticarət əlaqələri qururuqsa, onlarda qiymətin artması Azərbaycan bazarına öz təsirini göstərməyə bilməz. Bəzi işbazlar bundan sui-istifadə edirlər. Bu il məhsuldar oldu, meyvə və tərəvəz bolluğu var. Buna baxmayaraq, qiymətlər azalmaq əvəzinə bahalaşır. Bir çox işbazlar bazarda öz monopoliyaların möhkəmləndiriblər. Düşünürəm ki, bazara nəzarət gücləndirilməli, müəyyən insanların monopoliyasından çıxarılmalıdır. Hər bir sahibkar bazara çıxış imkanları əldə etməlidir”. 

 

Millət vəkilini sözlərinə görə, hazırda rayonlarda meyvə və tərəvəz məhsullarının qiyməti şəhərə nisbətən xeyli aşağıdır:

 

"Sahibkar öz məhsulunu şəhərə gətirə bilmir. Uzaq yol qət etmək üçün imkanı yoxdur. Gətirdiyi halda da şəhərdə müəyyən maneələrlə qarşılaşır. Bazara çıxa bilmir, çıxsa da müəyyən təsirlərə məruz qalır. Məhsulunu yolda, yaşadığı ərazidə ucuz qiymətə satmağa  məcbur olur. Hesab edirəm ki, şirkətlər, müvafiq orqanlar tədarük idarələrəni yaratmalıdır.  Məhsullar tədarük olunub, saxlanılmalıdır. Lazım olduğu halda bazara çıxarılmalıdır, həm də vətəndaşlara ucuz qiymətə satılmalıdır. Əvvəllər belə tədarük kontorları olub. Müqavilələr bağlayaraq, məhsullar qorunub-saxlanır, istənilən vaxt bazara çıxarılırdı. Təəssüf ki, indi bu həyata keçirilmir”.

Deputat şəkərin qiymətinin bahalaşmasına da münasibət bildirib: 

"Şəkərin qiymətinin artırılması ilə bağlı söz-söhbətlər gəzir. Bunun səbəbləri öyrənilməlidir. İnsanları məlumatlandırmaq lazımdır. Müvafiq orqanların rəhbərlər bununla bağlı izahat verməlidirlər.

Bildirməlidirlər ki, əgər dünya bazarında şəkərin qiyməti artıbsa,  bizdə də o səbəbdən qiymət qalxıb.

 

Səbəbləri bilmədikləri üçün cəmiyyətdə  söz-söhbətlər gəzir, narazılıqlar yaranır. Bu isə heç də yaxşı hal deyil”.

Mənbə:azxeber.com

Xəbərlər