Siyasət 8 İyul 2023, 22:16 | Baxış sayı: 151
"Azərbaycanın suveren hüququ beynəlxalq məhkəmə müstəvisində də qəbul olunur"

“Beynəlxalq Ədalət Məhkəməsi müvafiq qərarı ilə həm də “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasını beynəlxalq hüquqla tanıdığını göstərdi.

İndi Azərbaycanın suveren hüququ beynəlxalq məhkəmə müstəvisində də qəbul olunur”.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat xatırladıb ki, 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz sonrakı hadisələrə xronoloji nəzər salanda, gündən-günə Azərbaycanın dünyadakı müsbət imicinin artdığı görünür:

“Ölkəmiz bütün sahələrdə olduğu kimi diplomatiyada da öz işini uğurla davam etdirir. Erməni təbliğat maşınına, cəfəng fikirlərinə baxmayaraq artıq dünya birliyi də Azərbaycanın postmüharibə dövründə gördüyü işləri təqdir edir və dəstəkləyir, Azərbaycanın suveren hüququ beynəlxalq məhkəmə müstəvisində də qəbul olunur.

Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın absurd iddiasının rədd edilməsi özlüyündə bir çox məsələləri ehtiva edir. Artıq beynəlxalq arena Azərbaycanın suveren hüququnu həm də Beynəlxalq Ədalət Məhkəməsi səviyyəsində qəbul edir. Belə ki, başda Fransa olmaqla digər erməni havadarları bir çox təzyiqlərə cəhd etsələr də heç biri bu məsələdə uğur qazana bilmədilər. Beynəlxalq hüquq Azərbaycanın yanında oldu”.

“Ermənilərin Laçın yolundan Azərbaycan Silahlı Qüvvələrinin çıxarılması ilə bağlı tragikomik iddianın absurdluğu bir daha Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən sübut olundu və həmin iddia rədd edildi. Bu, o deməkdir ki, Azərbaycan öz suveren ərazisində harada post qurması, harada silahlı qüvvə saxlaması hüququna malikdir və bu legitim hüququnu özündə saxlayır. Bundan sonra ermənilər və havadarları bir daha anlamalıdır ki, artıq dünya onların boş iddialarını qəbul etmir” -, V. İskəndərov vurğulayıb.

report.az

Xəbərlər