Siyasət 1 Mart 2023, 14:07 | Baxış sayı: 164
"Azərbaycanın sülh çağırışları davamlıdır"

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hakimiyyətdə olduğu bütün illərdə, istər torpaqlarımızın işğal altında olduğu, istər müharibə getdiyi 44 gündə, istərsə də bu gün sülhün, dövlətlərarası əməkdaşlığın, təhlükəsizliyin tərəfdarı olduğunu dəfələrlə bəyan etmişdir. Çox təəssüflər olsun ki, Ermənistanın keçmiş rəhbərliyi, indi isə baş nazir Nikol Paşinyan bu çağırışlara yalan vədlərlə cavab vermiş, əməldə sülhə, əməkdaşlığa heç bir təsir göstərməmişlər. Əksinə Ermənistan sülh danışıqlarını pozub, qəbul etdiyi öhdəlikləri yerinə yetirməyib, silahlanmaya, müharibəyə istiqamətlənib”.                             

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

T.Rzayev bildirib ki, bəhanələrlə, saxta bəyanatlarla, himayədarlarının - xüsusilə Fransanın təhriki ilə düşmənçilik meylini üstün tutan Ermənistanın yanlış davranışları zəminində Azərbaycan yenə də danışıqlara, münasibətlərin yaxşılaşdırılmasına önəm verir və bunu beynəlxalq tədbirlərdə, görüşlərdə bir daha nümayiş etdirir: “Rusiya xarici işlər naziri Sergey Lavrovun bu günlərdə Bakıya səfəri zamanı dövlətimizin başçısı İlham Əliyev bunu bir daha bildirmiş və Cənubi Qafqazda sülhün bərqərar edilməsinin vacib olduğunu qeyd edərək demişdir: “2023 - cü ilin Ermənistanla münasibətlərin normallaşmasında irəliləyiş ili olacağına ümid edirik”. Prezidentimiz sülhə ümidlər bəslədiyi halda Ermənistanın hakim dairələri xarici ölkələrdə bəyanatla çıxış edərək sərhəddə beynəlxalq sülhməramlıların yerləşdirilməsi, Ermənistan torpaqlarına təcavüz edilməsi, əks etdirməyən fikirlər yürüdür və münasibətlərin normallaşdırılmasına əngəllər törədirlər”.                                                       

 

Deputat əlavə edib ki, onlar Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətinə də kölgə salır, onları səriştəsizlikdə, Azərbaycana dəstək verməkdə günahlandırırlar: “Əksinə belə deyil. Ermənistan özü Rusiya ilə münasibətləri əngəlləyir, üçtərəfli müqavilələrin şərtlərini pozur, anti - Rusiya təbliğatı aparmaqla Rusiyanın Cənubi Qafqazdan sıxışdırıb çıxarılmasına imkan yaradır və bilavasitə bu prosesdə aparıcı rolunda çıxış edir. Azərbaycan isə Azərbaycan - Ermənistan - Rusiya rəhbərləri tərəfindən imzalanmış bütün sənədlərin tələblərini yerinə yetirməkdə və şimal qonşularımızla münasibətləri daha da möhkəmləndirmək niyyətindədir. Bakıya səfəri zamanı Sergey Lavrov bunu yüksək qiymətləndirərək demişdir: “Rusiya ilə Azərbaycan arasında faktiki əməkdaşlıq çox səmərəli və intensiv inkişaf edir”. Göründüyü kimi Azərbaycanın sülh çağırışları davamlıdır və Ermənistanın da bu çağırışlara cavab verməsi, sülhə gəlməsi vacibdir”.

Xəbərlər