Cəmiyyət 30 May 2022, 16:47 | Baxış sayı: 214
"Azərbaycanın özündə uşaq qidaları istehsalına böyük bir şərait yaratmaq lazımdır".

“Azərbaycanda, yaxud da başqa ölkələrdə istənilən bir məhsulun bahalaşması inflyasiya prosesindən doğur. Prosesin də kökünün haradan olduğunu bilirik. Buna bir tərəfdən təsir edən post-pandemeiya iqtisadiyyatıdır. Yəni pandemiyadan sonra dünya iqtisadiyyatının geriləməsidir. Prosesdə diqqəti çəkən ikinci bir məsələ dünya iqtisadiyyatının yeni özünə gəlməyə başladığı zaman ərzaq məhsullarında bahalaşma prosesinin sürətlə getməyə başlamasıdır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev bildirib.

Deputat qeyd edib ki, 2020-2021-ci illərdə qida və kənd təsərrüfatı məhsullarında 17 faizə qədər qiymət artımı müşahidə olunub.

R.Quliyev, həmçinin əlavə edib ki, qiymət artımına təsir edən digər amil Ukrayna ilə Rusiya arasında gedən müharibədir: “Müharibələrin harada getməsindən asılı olmayaraq təsiri digər bölgələrə də olur.  Təəssüf ki, fevral ayından bəri Ukraynada gedən müharibə qida və kənd təsərrüfatı məhsullarının qiymətinə birbaşa təsirini göstərib. Belə ki, Ukrayna ilə Rusiya dünya taxıl bazarında 30 faiz qədər yer tutur. Amma burada yalnız taxıl deyil, digər qida məhsullarının da - ət, süd, yağ, mineral gübrələr - qiymətinə təsirini göstərir. Nəqliyyat, logistika məsələləri, müharibə gedən vaxt artan xərclər, qaçqınların sığındıqları ölkələrə kifayət qədər iqtisadi problemlər yaradır. Rusiyadakı iqtisadi proseslər, yəni iqtisadiyyatın çökməsi, tətbiq olunan sanksiyalar da problem yaradan səbəblərdəndir. Onu qeyd etmək istəyirəm ki, Azərbaycanda inflyasiya ilə mübarizə, hətta deyərdim ki, müharibə gedir. Bütün dünyada çalışırlar ki, inflyasiyanın qarşısını almaq üçün yeni alətlər axtarıb tapsınlar. Amma hamı bolluq məsələsini yaddan çıxarır. Pul kütləsi artanda tarazlıq pozulur. Pandemiya zamanı pulun miqdarı kifayət qədər artmışdı. Burada trilyonlardan söhbət gedir, artıq pullar emissiya olunmuşdu, əhaliya paylanmışdı. Üç trilyondan çox ABŞ-da, 1 trilyondan çox Avropa ölkələrində pul əhaliyə paylandığından fəsadlarını göstərir. Pul kütləsi kifayət qədər artıb, amma mallar və xidmətlərin sayı artmayıb. Bu da tarazlığı pozaraq indiki hala gətirib çıxarıb”.

Deputat Azərbaycanda uşaq qidalarının qiymətlərinin artmasına da münasibət bildirib: “Həmişə demişəm ki, bunun qarşısını yalnız dövlət siyasətilə almaq olmur. İstənilən aləti tətbiq edəndə inflyasiyanın qarşısı tam alınmır. Siyasi-iqtisad elmi təsdiq edib ki, birinci malların bolluğunu yaratmaq lazımdır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycana uşaq qidaları xaricdən gətirilir. Biz bunun mövcudluğunu görürük. Azərbaycanın özündə uşaq qidaları istehsalına böyük bir şərait yaratmaq lazımdır. Kənd təsərrüfatını, kənd təsərrüfatı mallarının sayını və çeşidini sürətlə artırmaq lazımdır. Onu da qeyd etmək lazımdır ki, bu gün dövlət şərait yaradır. Bundan əlavə, hər zaman qeyd etmişəm ki, bank kreditlərinin faizlərini aşağı salmaq lazımdır. 17-19 faiz sahibkarlar üçün ağlabatan və məntiqli faizlər deyil. O fazilər tək rəqəmə endirilərək, 9-10 civarında olmaldır ki, sahibkar üçün maliyyə mənbəyi əlçatan olsun. Əgər bu addımları atsaq, istehlak bazarında böyük bir dəyişiklik görəcəyik”.

Xəbərlər