"Azərbaycanın haqlı qələbəsini alqışlayan ölkə ilə əməkdaşlığı möhkəmləndirmək gələcəyimiz üçün faydalıdır"
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bosniya və Herseqovinaya səfəri və səfər zamanı bir çox sənədlərin, xüsusilə “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalanması dövlətimizin dünya ölkələrinə açıq olduğunu, əməkdaşlığa böyük önəm verdiyini bir daha göstərir”.
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat bildirib ki, Azərbaycan xarici siyasətində Balkan ölkələri ilə münasibətlərin genişləndirilməsinə xüsusi diqqət göstərməsi səbəbsiz deyil: “Bu ölkələr Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində irimiqyaslı layihələri həyata keçirən Azərbaycanın enerji ixracı şəbəkələrinin əsas halqaları kimi dəyərləndirilə bilər. Məhz buna görə Azərbaycanın Balkan ölkələri ilə münasibətlərində Bosniya və Herseqovina ilə əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyətə malikdir. Bu ölkə ilə imzalanmış Bəyannamə və sənədlər, keçirilən görüşlər, aparılan müzakirələr sözsüz ki, ölkələr arasında münasibətlərin inkişafına dəstəkdir və ölkələri bir - birinə daha da yaxınlaşdıracaqdır. Siyasi, iqtisadiyyat və ticarət, müdafiə və təhlükəsizlik, təhsil və mədəniyyət üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər hər iki ölkənin milli maraqlarına xidmət edir və strateji tərəfdaşlığa öz töhfələrini verəcək”.
T.Rzayev qeyd edib ki, bu sənədlər sağlam münasibətlərin təməli üzərində imzalanıb: “Belə ki, Bosniya və Herseqovina son illərdə Azərbaycanla münasibətlərin yaxşılaşdırılması üçün təşəbbüslərini əsirgəməmiş və beynəlxalq tədbirlərdə dövlətimizin haqlı mövqeyini dəstəkləmişdir. 44 günlük müharibə günlərində bu daha aydın nümayiş etdirildi və bu ölkənin dövlət nümayəndələri, siyasətçiləri dövlətimizə dəstək ifadə edən bəyanatlar səsləndirməklə haqlı mübarizəmizə haqq qazandırdılar. Çətin günlərdə Azərbaycanın yanında olduğunu və onun haqlı qələbəsini alqışlayan bir ölkə ilə əməkdaşlığı möhkəmləndirmək əlbəttə ki, həm bu günümüz, həm də gələcəyimiz üçün faydalıdır. Bunu mətbuata bəyanatında cənab İlham Əliyev bir daha ifadə edərək demişdir: “Bu gün isə bizim münasibətlərimizin yeni səhifəsi başlayır. Rəsmi səfər çərçivəsində aparılan danışıqlar, qeyd etdiyim kimi, yeni imkanlar açır. O cümlədən bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə gələcək inkişafımızın istiqamətlərini göstərir”. Bu səfər bir daha Azərbaycanın dünyada artan nüfuzunun və xarici siyasətdə uğurlarının, ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasətinin, sülhə, əminamanlığa, təhlükəsizliyə böyük önəm verməsinin nümunəsi kimi qiymətləndirilməlidir”.