"Azərbaycanın Ermənistana ehtiyacı yoxdur, İran vasitəsilə Naxçıvanla bağlantını yaradır"
Ermənistan növbəti dəfə regionun iqtisadi layihələrinə qoşulmaq imkanını əldən verdi.
Bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Deputat deyib ki, Azərbaycan Cənubi Qafqazda mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platforması yaradıb: “Azərbaycan bir çox qlobal layihələrin təşəbbüskarıdır, bu layihələri həmin əməkdaşlıq və tərəfdaşlıq şəraitində uğurla həyata keçirir. Ermənistan isə özünün iradəsizliyi və işğalçı niyyətinə görə bu əməkdaşlıqlardan geri qalıb. Çünki Ermənistan əsrlər boyu ona qonşu olan Azərbaycandan nəsə qoparmaq istəyir, onun torpağına iddia edir, tarixi saxtalaşdırır və özününküləşdirməyə cəhd edir. Əslində postmüharibə dövründə Ermənistan üçün böyük şanslar yaradılsa da, bu şansları dəyərləndirə bilmədi. İndi isə Ermənistan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə dalandan baxır”.
Müşfiq Cəfərov qeyd edib ki, Ermənistan sosial-iqtisadi sahədə böyük gerilik yaşayan, inkişafdan kənarda qalan, yüz minlərlə sakini köçüb başqa məmləkətlərə gedən bir ölkədir: “Ermənistan regiondakı bütün nəhəng layihələrdə iştirak imkanını əldən verib, öz xislətinə görə bu layihələrin hamısından qıraqda qalıb. Neft, qaz ixracı marşrutları, dəmiryolu xətləri, nəqliyyat dəhlizləri Ermənistandan yan keçir. Bir sözlə, Ermənistan regional kommunikasiya layihələrindən kənarda qalan bir ölkədir. Azərbaycan dünya əhəmiyyətli nəhəng layihələr həyata keçirib və bu istiqamətdə işləri uğurla davam etdirir. Ölkəmiz Rusiya və İranla Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə uğurlu iş aparır. Bu dəhlizin fəaliyyətinin daha səmərəli olması üçün növbəti addımlar atılır. Regional və qlobal layihələrdən kənarda qalması Ermənistanın iqtisadiyyatına böyük zərbə vurur”.
Deputat Azərbaycanın Ermənistana ehtiyacı olmadığını vurğulayıb: “2022-ci il martın 11-də İran ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Həmin il sentyabrın 21-də Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin iştirakı ilə Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Azərbaycan İran vasitəsilə Naxçıvanla bağlantını yaradır və bu, Şərq-Qərb Nəqliyyat Dəhlizinin potensialının artırılmasına, eləcə də bölgədə nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsinə xidmət etməklə region ölkələrinə əlavə imkanlar yaradacaq”.
APA