Siyasət 25 Noyabr 2022, 12:51 | Baxış sayı: 138
“Azərbaycanla Serbiyanın həm enerji təhlükəsizliyi, həm də bir çox digər sahələrdə əlaqələri daha da güclənəcək”

“Azərbaycan əksər beynəlxalq dövlətlərlə münasibətləri strateji tərəfdaşlıq, dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq daha da genişləndirir. 23 noyabr cənab prezident İlham Əliyevin Serbiyaya səfəri də bu münasibətlərin inkişafı baxımdan əhəmiyyətlidir. Hər iki ölkə həm iqtisadi sahədə əməkdaşlıq etmək, həm də beynəlxalq təşkilatların qarşısında ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığı prinsipini birgə müdafiə edib, bir-birinə dəstək veriblər. Hazırkı siyasi dialoqun yüksək səviyyədə olması hər iki ölkə liderlərinin siyasi iradəsi və müdrik uzaqgörənliyindən, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəlir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat bildirib ki, hələ 2008-ci ildə Kosovonın müstəqilliyi elan edilərkən bu müstəqilliyin tanımasına ilk etiraz edənlərdən biri də məhz Azərbaycan olub: “Dövlətimiz açıq şəkildə bildirib ki, Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarına zidd və qanunsuzdur. Hazırda Azərbaycan Balkan ölkələrində enerji sahəsində müəyyən layihələri həyata keçirir. Bu istiqamətdəki əməkdaşlığın vacib tərəfdaşlarından biri də Serbiya olacaq. Hesab edirəm ki, Azərbaycanla Serbiyanın həm enerji təhlükəsizliyi, həm də bir çox digər sahələrdə əlaqələri daha da güclənəcək. Həmçinin Serbiya və Azərbaycan prezidentləri arasında strateji tərəfdaşlıq və müttəfiqlik haqqında imzalanan yeni memorandum iki ölkə arasındakı iqtisadi, ticari münasibətləri növbəti dəfə yüksək səviyyəyə çatdıracaq. Cənab Prezidentin Albaniyaya və Serbiyaya gerçəkləşdirdiyi səfərlər ölkəmizin Şərqi və Mərkəzi Avropada mövqelərinin xeyli gücləndiyini göstərir. Son bir ilin siyasi təhlilini etsək, ölkə başçısının bir çox dövlətlərlə qarşılıqlı əlaqələrə əsaslanan sənədlərə imza atdığını görərik. Əminəm ki, xarici siyasətdə düşünülmüş şəkildə atılan bu addımlar tezliklə öz töhfəsini verəcək. Regionun söz sahibi olan dövlətimiz Ali Baş Komandanın rəhbərliyi ilə gücünə-güc qatmağa davam edir”.

Xəbərlər