Cəmiyyət 22 Avqust 2022, 13:28 | Baxış sayı: 171
"Azərbaycanda taksi şirkətləri vergidən yayınır".

Milli Məclisin deputatı Rüfət Quliyev Pravda.az-a açıqlamasında ölkənin taksi xidmətin ilə bağlı problemlərdən danışıb: "Ölkədə fəaliyyət göstərən taksi şirkətlərinin xidmətləri ilə bağlı kifayət qədər həm mənfi, həm də müsbət fikirlər eşitmişəm. Burada mənfi olan ilk nüans insanların istismar olunması ilə bağlıdır. Qanunla 8 saatlıq, yaxud da dəyişilən qrafiklə 8-12 saat aralığında olan işlər var. Buna nazirlik nəzarət edir. Vergilərlə bağlı da bəzi problemlər var. Bu kimi hallara da İqtisadiyyat Nazirliyi fikir verməlidir. Bildiyim qədərilə, bu şirkətlər müəyyən qədər vergilərdən yayınır və gizlənirlər”.

Deputat həmçinin qeyd edib ki, taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin texniki baxımdan saz vəziyyətdə olması önəmli məsələlərdən biridir: “Bakı şəhərində bu avtomobillərin texniki tərəfinə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan avtonəqliyyat şöbəsi, keçmiş Bakı Nəqliyyat Agentliyi nəzarət edə bilər. Texniki baxımdan nəzarət məmurun sahibkarın işinə müdaxilə etməyinə icazə verməməlidir. Qəti olaraq bunun əleyhinəyəm. Amma müəyyən nəzarət olunmalıdır. Dövlət tərəfindən bunu daha şəffaf formada qeydiyyata alıb, həm buna şərait yaratmaq, həm də köməklik etmək olar. Təbii ki, bu sahədə də dövlətin milli maraqları hər şeydən üstündür”.

Xəbərlər