İnfoqrafika 4 Aprel 2023, 13:24 | Baxış sayı: 333
AZƏRBAYCANDA SUİ-QƏSDƏ MƏRUZ QALMIŞ DEPUTATLAR

Məclis.info müstəqillik dövründən etibarən sui-qəsdə məruz qalmış deputatlar haqqında araşdırma yazısını təqdim edir.

Milli Məclisin ilk silahlı hücuma məruz qalan deputatı Afiyəddin Cəlil oğlu Cəlilov olub. Afiyəddin Cəlilov 1992-ci ildən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini olub, ölkənin dövlət müstəqilliyinin möhkəmləndirilməsində və onun daxili və xarici siyasətinin formalaşmasında fəal iştirak edib. O, Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinin (bir neçə çağırış), Naxçıvan MR Ali Məclisinin deputatı olub.

O, 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib. Afiyəddin Cəlilovun qətli ilə bağlı bu günədək müxtəlif versiyalar səsləndirilir.

 

Terrora məruz qalan digər millət vəkili Əli Abdulqədiroviç Ansuxski olub. Kommunist Partiyasının üzvü və birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin (1995–1996) üzvü olan Əli Ansuxski 1995-ci ildə keçirilən seçkilərdə 54 saylı Balakən seçki dairəsi üzrə deputat seçilib. 1996-cı il fevralın 26-da Milli Məclisin deputatı, milliyətcə avar olan Əli Ansuxski Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin qarşısında məruz qaldığı terror nəticəsində odlu silahla qətlə yetirildi. Əli Ansuxskinin qətlinin gerçək səbəbləri  bu günə qədər müəmmalı qalır.

 

Terror hücumu nəticəsində dünyasını dəyişən digər millət vəkili Ziya Musa oğlu Bünyadov olub. O, 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib. Akademikin “Hizbullah” üzvləri tərəfindən öldürüldüyü və bununla bağlı bir neçə nəfərin azadlıqdan məhrum edildiyi deyilir.

 

Terror hücumuna məruz qalan digər deputat Milli Məclisin üçüncü,dördüncü,beşinci və altıncı çağırışında deputat seçilən Fazil Mustafa olub. 28 mart 2023-ci il axşam saatlarında iftar ziyafətindən dönən millət vəkili evinin qarşısında terrora məruz qalıb. Deputat çiyinindən və ayağından yaralanıb. Hazırda xəstəxanada müalicə alan millət vəkilinin durumu yaxşı olaraq qiymətləndirilir.

Xəbərlər