"Azərbaycanda şəhid xəbərinə sevinənlər indi Türkiyədəki zəlzələ xəbərinə sevinir"
Türkiyədə tarixdə miqyasına və şiddətinə görə bənzəri olmayan 2 böyük zəlzələ nəticəsində həyatını itirən qardaş və bacılarımıza Allahdan rəhmət diləyirəm, yaralılara təcili şifalar arzu edirəm.
Təsadüfi deyil ki, bu faciəyə ilk reaksiya verən lider İlham Əliyev olub, ilk reaksiya verən xalq Azərbaycan xalqı olub. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, 1000-ə yaxın FHN əməkdaşı Türkiyəyə ezam edilib, Mehriban xanımın dəstəyi ilə böyük humanitar yardımlar göndərilib. Azərbaycan xalqının hər bir fərdi bütün ürəyi və varlığı ilə Türkiyəyə dəstək olub, onun acısını paylaşır.
Ancaq çox təəssüf ki, vaxtilə Azərbaycanda şəhid xəbərinə sevinən qrup indi də qardaş Türkiyənin faciəsinə sevinir. Bu qrup həlak olanların sayı nə qədər çox olsa, o qədər çox sevinir.
2-ci Qarabağ müharibəsində daim Azərbaycanın yanında olduğunu göstərən AK Parti hakimiyyətini bu çətin günlərində ittiham edirlər.
Bu qrupun bir neçə adı olub, gah ictimai palata, gah da şura, bir ara narıncı mayka geyindilər, nə etdilərsə palatadan, maykadan çıxa bilmədilər.
Əsl adları xəyanətkar qrupdur. Bu qrupa Əli Kərimli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Fuad Qəhrəmanlı və digərləri daxildir. Paşinyanı demokrat, cəsarətli və vətənpərvər adlandıran bu qrup olub, Vətən müharibəsində qazandığımız zəfərin çox böyük uğur olmadığını da Əli Kərimli "Azadlıq" radiosuna müsahibəsində deyib.
Zəlzələdən 2 gün keçməmiş, insan həyatı uğrunda anbaan mübarizə aparılan zamanı Gültəkin Hacıbəyli yazır ki, Türkiyədə korrupsiya təbii fəlakətdən böyük milli faciədir. Tofiq Yaqublu yazır ki, Türkiyədəki minlərlə qurban zəlzələdən daha çox pis idarəçiliyin qurbanlarıdır.
Əxlaq və dövlətçilik ənənəsi bu cür faciə zamanı, ümumilikdə ümummilli təhdidlərə qarşı birliyi və həmrəyliyi zəruri edir. Bu cür faciə üzərindən siyasət etmək nə əxlaqidir, nə də ənənəyə uyğundur. Heç insani də deyil.
Ümumilikdə Türkiyənin bu faciəsindən daxili və xarici siyasi maraqlar üçün istifadə etmək istəyənlər də nə azərbaycanlı, nə də türkdür. Bu faciədən zərər çəkənlərin hislərinə siyasi məzmun verənləri, bu cür faciəni siyasi mənfəətə çevirmək istəyən hər kəsi qınayıram.
Bu gün birlik, bərabərlik zamanıdır, siyasət zamanı deyil. Siyasəti çirkinləşdirməyin.
Əziz qardaşlarımız, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Türkiyə-Azərbaycan bir yumruqdur, bir ürəkdir, bir candır.
Sayın Recep Tayyib Erdoğan son 20 ildə xidməti ilə sübut edib ki, o, xaraktercə təhlükə qarşısında cəsur, güclü və soyuqqanlı olan liderdir. Biz əminik ki, güclü və qüdrətli Türkiyə dövləti bu çətinliyi də aşacaq, bu acı sınaqdan da şərəflə çıxacaq.
Mənbə: musavat.com