Siyasət 9 Mart 2023, 14:34 | Baxış sayı: 154
“Azərbaycanda radikal müxalifət istəyir ki, insanlar ayağa qalxsın, bir-birini tapdalasınlar, müsibət olsun...”

“Azərbaycan xalqının mühabarizə ruhu da var. Xalqımız mübarizə ruhunu son 25 ildə də, elə 44 günlük müharibədə də göstərib. Xahiş edirəm, məsələləri bir-birinə qatmasınlar. Gəlin baxaq görək, indi Azərbaycan kimi sakit, inkişaf edən, öz yolu ilə gedən, ən güclü xarici ölkələrin belə təsirinə düşməyən ikinci başqa ölkə varmı? Qoy birinin adını desinlər. Aranı bulandıran, araya nəsə qatan bəzi müxalif qüvvələr var. Onlar istəyirlər ki, insanlar ayağa qalxsın, bir-birini tapdalasınlar, müsibət olsun. O radikal müxalifətin fikri elə bundan ibarətdir ki, desin “görürsünüz, iqtidar ölkəni idarə edə bilmir, insanlar qırılır, ixtişaşlar başlayır...” Bunların hamısını keçmişik…”

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Rüfət Quliyev Gürcüstanda hökumət əleyhinə keçirilən mitinqlə bağlı müzakirələr zamanı bəzilərinin xalqının mübarizə ruhunun olmaması barədə səsləndirdikləri fikirlərə münasibət bildirərkən deyib.

 

Deputat vurğulayıb ki, hər ölkənin öz yolu, tarixi, dəsti-xətti var: “Qarışdırmayaq! Gürcüstanda mübarizə nəyə görə gedir? Əgər bunu kimsə başa düşməyibsə, qoy açıb məlumatlara baxsın. Orada mübarizə gedir ki, Gürcüstan Rusiyanın bir vilayətinə çevrilməsin. Diqqətlə baxmaq lazımdır. Bu, başqa məsələdir. Yəni insanların düşüncəsi var. Bir də fürsətdən istifadə edib, bildirmək istəyirəm. Bizim xalqımızın öz yolu, tarixi, gələcəyi var və bu gələcək naminə yaşayırıq. Çalışırıq ki, sülh, əmin-amanlıq yolu ilə problemlərimizi həll edək. Yüz illik tarixdə belə fakt olmayıb ki, hansısa ölkə öz ərazilərini deokupasiya edib, sonra da öz gücü, iqtisadi qüdrəti ilə həmin torpaqları həyata qaytarsın, başqalarından bir qəpik, sent də almadan iqtisadiyyatı qursun. Buna görə də insanları gələcək barəsində daha çox düşünməyə, təhlil etməyə dəvət edirəm. Bunların hamısını biz çox gözəl bilirik, insanlar da bilməlidirlər. Biz stabil, inkişafda olan həyat istəyirik”.

Xəbərlər