Cəmiyyət 5 Yanvar 2023, 16:11 | Baxış sayı: 176
“Azərbaycanda da kitab oxuyan məhbusun cəzasının azaldılması praktikası çox yaxşı effekt verə bilər…”

“Xarici ölkələrdə məhkumluqla bağlı bir neçə praktika var. Onlardan biri də cəza çəkən məhkumların cəzaçəkmə müəssisəsinin kitabxanalarından istifadə etmələri, hətta hər oxunan kitaba görə məhkumun cəza müddətinin 4 gün azaldılması praktikası da mövcuddur. Təbii ki, bu, humansit aksiyadır. Gələcəkdə Azərbaycanda da bununla bağlı işlər görülə bilər, belə bir humanist aksiyanın tətbiqi mümkündür. Çox yaxşı effekt verə bilər. Bu, həm cəza çəkən məhkumların islah olunmasına, bədii kitablar vasitəsilə onlara xoş duyğuların aşılanmasına şərait yaradar, həm də azadlığa çıxmaqla bağlı stimul verər”.

 

Bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

 

Deputat vurğulayıb ki, qanunlar zamana uyğun yenilənə bilir: “Milli Məclisin funksiyalarından biri budur ki, qanunlar yenilənir, yeni çağırışlara uyğun qanunlar qəbul olunur. Azərbaycanda cənab Prezidentin rəhbərliyi altında genişmiqyaslı, çoxspektrli islahatlar paketi təqdim olunub. Bu islahatlar bütün sahələri, o cümlədən penitensiar müəssisələri əhatə edir. Məhkumların yaşayış şəraitlərinin yaxşılaşdırılması, cəzaçəkmə müəssisələrində bütün beynəlxalq konvensiyalara uyğun şəraitin formalaşdırılması gündəmdə olan məsələlərdən biridir. Ümumiyyətlə, qanunlarımız özündə əsasən humanistliyi ehtiva edir”.

 

Xəbərlər