Cəmiyyət 23 Fevral 2022, 18:23 | Baxış sayı: 249
"Azərbaycanda bir kolon var, o da cahillər kolonudur".

“Sözün siyasi mənasında Azərbaycanda “5-ci kolon” olmayıb. Azərbaycanda cahil şəxslər və onun əksinə, ağıllı düşünən, rasional baxışlı təbəqə var idi. Düşünən cəmiyyət azlıq təşkil edib”.

Bunu Modern.az-a Azərbaycanda xarici xüsusi xidmət orqanlarına işləyən (5-ci kolon nümayəndələri) şəxslərin fəaliyyəti haqqında danışarkən deputat Fazil Mustafa deyib.
"Yaşanan dinə görə Azərbaycan ən böyük “5-ci kolon” təmsilçisi sayılmalıdır. Yəni bu qədər savadsız, dini bilməyən, onun vəhşi formasında yaşayan toplumu ancaq belə təsvir etmək olar. Mədəni komponentlə yanaşı, vəhşi komponenti yaşadan cəmiyyətdə heç nəyi dəyişə bilmirik” – deyə deputat bildirib.
F.Mustafanın sözlərinə görə, cahil təbəqə Azərbaycanın mühüm dövrlərdə atmalı olduğu vacib addımları əngəlləmək üçün prosesləri izləmədən, təhlil etmədən hər şeyə tarixi kontekstdən fikir qoşmağa çalışır:


“Amma tarixi də düzgün oxumurlar. Məsələn, tarix deyir ki, Azərbaycanın əslində düşüncə həyatı “Türkmənçay” sülh müqaviləsindən sonra başlayıb. Çünki məktəb açılıb. Xalq mollaxanadan, mərsiyədən uzaqlaşıb, məktəbə gedib, normal təhsil alıb və Rəsulzadələri, Üzeyir bəyləri yetişdirib.

 

Tarixə dönüb baxın. Azərbaycanın bu gün də üzə çıxarmalı adamları Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadədir...  Biz çoxluğun cahil yanaşmasına üstünlük verək, yoxsa doğru düşünən insanların göstərdiyi istiqamətlə gedək?

 

Hər hansı şəkildə bunu “5-ci kolon” adı ilə izah etmək absurd məsələdir. Azərbaycanın milli maraqları nəyə xidmət edirsə, ona uyğun addımlar atmalıyıq. Reallıq Türkiyə ilə müttəfiqlik müqaviləsinin, hərbi əməkdaşlığın aparılmasını vacib edirdi, biz bu addımı atdıq. Rusiya ilə əməkdaşlıq zəruri idi, bunu da dəyərləndirdik. Nə etməli idik? Ukraynanın yanında yer alıb, Rusiya ilə savaşmalı idik? Rasional düşüncə nəyi tələb edirsə, o addımı atırıq. Qonşu ölkə kimi İranla da münasibətləri normallaşdırmalıyıq. Lazım olsa, Tehranla da bəyanat imzalanacaq. Onda da deyəcəklər İranla niyə bəyanat imzalandı?

 

Azərbaycanda “5-ci kolon” yoxdur. Azərbaycanda bir kolon var, o da cahillər kolonudur. Bu kimi məsələlərdə cahilliyin qarşısını almaq mümkün deyil. Çünki təhsili öldürmüşük. Bu cür təhsil sistemində hamının normal bilik sahibi olmasını, cəmiyyətdə gerçək ziyalı həmrəyliyini necə təmin edə bilərik? Bu ölkənin düşüncə həyatını canlandıra bilmədik. Ona görə, vəziyyətdən çıxmaq üçün nə addım atırsansa, müqavimətlə qarşılaşırsan”.

Xəbərlər