Cəmiyyət 18 Yanvar 2023, 15:59 | Baxış sayı: 183
"Azərbaycanda baş düşünmək üçün nəzərdə tutulmayıb"

Bəhram Bağırzadənin 5 il öncə səsləndirdiyi “rayonlu-bakılı” söhbəti yenidən yayıldıqdan sonra gündəm oldu. Bu məsələ çox sayda insanı narahat etdi. Qızğın müzakirələr başladı. Lakin çox keçmədən Nemət Pənahlının başıaşağı durması bütün diqqətlərin ona fokuslanmasına səbəb oldu. Elə ölkə gündəmi də paralel olaraq başıaşağı dəyişdi. Bəlkə də Bəhram Bağırzadənin özü gündəmin belə tez dəyişəcəyini gözləmirdi.

Bəs, Azərbaycanda gündəm niyə belə tez dəyişir? Bu, normaldır, yoxsa gündəm fərdlərə görə dəyişir?

Demokrat.az xəbər verir ki, millət vəkili Fazil Mustafa məsələ ilə bağlı düşüncələrini News24.az-a bölüşüb.

O bildirib ki, şəxslərin müxtəlif gündəmi var: “Siyasətlə məşğul olan insanların gündəmi Qarabağda aksiyaların hansı formada yekunlaşacağıdır. Mənim başqa gündəmim yoxdur. Ölkədə daha çox müzakirə edilən mövzular diqqətimi cəlb etmir. Qeyd edilən iki məsələ də mənalı mövzular deyil. Hər kəs öz davranışına görə məsuliyyət daşıyır. Bu məsələlər cəmiyyətin gündəmindədirsə, məşğul olsunlar, mane ola bilmərik”.

Deputat daha sonra sözlərinə belə davam edib: “İnsanlar kitab oxumayanda, dünyagörüşləri məhdud olanda, televiziyada düşüncə tələb etməyən verilişlərə, seriallara baxanda təbii ki, səthi mövzulara daha çox maraq göstərəcəklər. Ölkədə hansısa kitab və ya düşüncə mühiti yoxdur axı. Çoxluq dedi-qodu, qeybət və baş qatmağa mövzu axtarır. İnsanlara deyə bilmərik ki, dünya ədəbiyyatında, musiqisində, siyasətində gedən prosesləri izlə, təhsillə bağlı inkişaf tendensiyaları ilə maraqlan. Çünki baza yoxdur. Çoxluğa qarşı mübarizə aparmaq, düzgün istiqamətə yönəltmək çox çətindir. Ancaq yenə də biz öz gündəmimizi cəmiyyətə diqtə etməliyik ki, insanlar bayağı, dedi-qodu, mənasız mövzulardan, həyat tərzindən uzaqlaşsın.

Yaxşı fikir var. Deyir, “inanmaq düşünməkdən daha asan olduğu üçün hər kəs inanmaqla məşğuldur”. Ölkədə çox sayda dindar var, hamısı inanır. Bəs, hamısı düşünürmü? Sual budur. Adamlar kor-koranə, düşünmədən inandıqlarına görə taxta parçası, daş, əski və s. tapıb ritual yerinə yetirirlər. Azərbaycanda baş düşünmək üçün nəzərdə tutulmayıb, ya yarılmalıdır, ya da boş məşğuliyyətlərə sərf edilməlidir. Başın düşünmək üçün nəzərdə tutulduğunu cəmiyyətimizə qəbul etdirməliyik. Bu isə asan proses deyil”.

Xəbərlər