"Azərbaycana gəlmiş ərəblər qadağan olunmuş ərazilərdə "Qırmızı Kitab"a düşmüş çöl quşlarını ovlamaqla təbiətə ziyan vururlar".
"Ərəblərin ölkədə qanunsuz ov etməsi halları bir neçə dəfə baş verib. Məsələ ilə bağlı müəyyən tədbirlər görülsə də, problem, təəssüf ki, hələ də davam edir. Görünür, buna şərait yaradanlar var. Hesab edirəm ki, ərəblərin qanunsuz ov ilə məşğul olmasına göz yumanlar, əsasən, həmin qoruğun əməkdaşları ola bilər, çünki onlar qoruğun qorunmasına bilavasitə cavabdehdirlər. Həmin əməkdaşlar ovun qadağan edildiyi ərazilərə heç kimi buraxmamalıdırlar. Ona görə də qaydanı pozanlar barədə ciddi tədbirlər mütləq görülməlidir".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat bildirib ki, "Ovçuluq haqqında" Qanuna əsasən, vətəndaşlar ilin ov mövsümündə müəyyən qaydalara çərçivəsində ov etmək səlahiyyətinə malikdir: "Lakin təəssüflər olsun ki, Azərbaycana gəlmiş ərəblər qadağan olunmuş ərazilərdə "Qırmızı Kitab"a düşmüş çöl quşlarını ovlamaqla təbiətə ziyan vururlar. Əlbəttə ki, bu, bağışlanılmaz haldır, çünki ilk növbədə qanunvericiliklə qadağan edilib. Aydındır ki, müəyyən qoruqların bəzi əməkdaşları vəzifələrinə məsuliyyətsiz yanaşırlar və yaxud da müəyyən şərtlərlə razılaşaraq ərəbləri həmin sahələrə buraxırlar. Bu, qanunlarımıza zidd olduğuna və təbiətə ciddi ziyan vurduğuna görə qanunu pozanların istər ölkə vətəndaşı olsun, istərsə də xarici vətəndaş - hər biri cəzalandırılmalıdırlar".