Siyasət 1 May 2023, 14:37 | Baxış sayı: 98
“Azərbaycan və Türkiyənin texnologiya sahəsində əməkdaşlığı təhlükəsizlik baxımından da vacibdir”

“Regionun ən böyük texnologiya festivalı olan “Teknofest-2023”də uğurla keçirildi. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın festivalda səsləndirdiyi bəyanatlar isə bir daha təsdiqlədi ki, bir hər zaman bir yerdəyik və “Bir millət, iki dövlət”, artıq həm də “Bir yumruq!” kimi Azərbaycan-Türkiyə birliyi əbədidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkili Prezident İlham Əliyevin “Qardaş ölkənin müdafiə sənayesi həm Türkiyəni, həm də Türkiyənin müttəfiqlərini gücləndirir” fikirlərini diqqətə çəkib:

“Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzinin yaradılması, orada təhsil, xidmət, istehsalın nəzərdə tutulması böyük perspektivlər vəd edir. Dünyanın qabaqcıl trendlərinə, innovativ çağırışlarına adekvat reaksiya verən Azərbaycan bu yanaşmanı Qarabağın bərpasında da nümayiş etdirir, eləcə də innovasiyaların ölkəmizə gətirilməsi, bütün sahələrdə və ölkənin hər bir yerində tətbiqini davamlı inkişafın əsas təməl prinsiplərindən biri kimi qiymətləndirir. Təsadüfi deyil ki, “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının ilk dəfə ötən il Türkiyədən kənarda – məhz Azərbaycan keçirildi. Bu, həm də iki ölkənin münasibətlərinin, dostluğunun növbəti təzahürü, o cümlədən texnologiyalar sahəsində ardıcıl əməkdaşlığının göstəricisidir. 300 minə yaxın insanın ziyarət etdiyi “TEKNOFEST Azərbaycan” festivalında 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda yarışırdı”.

K. Nurullayeva onu da qeyd edib ki, Azərbaycan və Türkiyənin yeni texnologiyalar sahəsində əməkdaşlığının ən bariz nümunəsi İkinci Qarabağ müharibəsində özünü göstərdi:

“Azərbaycan Ordusunun müasirləşdirilməsində əhəmiyyətli rol oynayan qardaş ölkənin istehsalı olan PUA-lar düşməni darmadağın etdi. Yalnız Türkiyə istehsalı olan SİHA-larla bir milyard dollar dəyərində olan erməni hərbi texnikası məhv edildi. Hər il keçirilən “Teknofest”də biz qardaş ölkənin milli texnoloji inkişafının şahidi oluruq. Ümumiyyətlə, texnologiya festivalı təhsil, elm və mühəndislik sahələrində əməkdaşlıq üçün yeni imkanlar açır, bu sahədə tədqiqatlarla məşğul olanlar, eləcə də gənclər üçün yeni motivasiyadır”.

Xəbərlər