Ümumi 9 Fevral 2023, 12:50 | Baxış sayı: 136
“Azərbaycan Türkiyənin yanında olduğunu sözlə deyil əməllə göstərdi”

“Qardaş Türkiyədə baş vermiş dəhşətli  zəlzələ fəlakəti Azərbaycan xalqını sarsıdıb və kədərləndirib. Onlarla şəhər, kənd, yaşayış məskənləri sanki birdən - birə qeybə çəkilib, milyonlarla insan evsiz - eşiksiz qalmışdır. Ölənlərin və yaralanların sayı günbəgün artır”.     

 

Bunu Pravda.az-a Milli Məclisin deputatı Tahir Rzayev deyib.    

 

Deputat bildirib ki, baş vermiş faciənin miqyası çox genişdir və bu zəlzələni Türkiyə tarixinin ən dəhşətli hadisəsi adlandırmaq olar: “Ulu Tanrı türk xalqını çox ciddi sınağa çəkib və bu sınaq qarşısında yalnız və yalnız qardaşlığa, dostluğa, əminamanlığa sadiq olanlar tablaya bilərlər. Türkiyə belə ağır, çətin günlərdə tək deyil. İlk olaraq qan qardaşı, can sirdaşı Azərbaycan yanındadır. Bu zəlzələ xəbəri yayılan anda hiss edildi  və xalqımız, başda hörmətli Prezidentimiz İlham Əliyev olmaqla bunu bütün dünyaya nümayiş etdirdi”.                                    

 

Deputat əlavə edib ki, Azərbaycan xalqı 44 günlük müharibədə olduğu kimi bir anda səfərbər olundu, yumruq kimi birləşdi, həmrəyliyin, qardaşlığın nə olduğunu bəşəriyyətə göstərdi:  “Kimin gücü nəyə çatırsa onu etməyə, Türk xalqının yarasına məlhəm qoymağa çalışdı. Azərbaycanın qocası da, uşağı da, qızı - gəlini də hər zaman Türkiyənin yanında olduğunu sözlə deyil əməllə göstərdi. Bu birlik, həmrəylik göstərdi və göstərir ki, həqiqətən də Azərbaycan - Türkiyə qardaşlığı əbədi, dönməz və sarsılmazdır. İlk saatlardan xalqımızın Türkiyəyə verdiyi dəstək, onun yanında olmağımız dünyaya bir nümunə olmaqla, həm də Türk dünyasının əzmkarlıq, sədaqət mesajıdır. İlk saatlardan Azərbaycanlı xilasedicilər, həkimlər, könüllülər zəlzələ baş verən ərazilərdədir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə çox vacib və əhəmiyyətli yardım kompaniyaları həyata keçirilir. Digər ictimai təşkilatlar, şirkətlər, idarə və müəssisələr, sahibkarlar, demək olar ki, bütün insanlar bu təşəbbüsə qoşulmuşlar və çox böyük fədakarlıq nümayiş etdirirlər. Bakıda, eləcə də rayonlarda insanlar bütün gün ərzində öz yardımlarını əsirgəmirlər”.                                                     

 

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən xalqımızın bu həmrəyliyini, məhəbbətini yüksək qiymətləndirərək demişdir. “Biz bütün dünyaya bir daha nümayiş etdirdik ki, təkcə dövlətlər arası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”.         Bəli, dünya Azərbaycan - Türkiyə birliyi, Türk dünyasının həmrəyliyini görməli və bu birliyə qara yaxmaq istəyənlər, onu sarsıtmağa can atanlar bundan nəticə çıxarmalıdırlar. Çünki artıq bu birlik qarşısıalınmaz, yenilməz bir qüvvəyə çevrilir” – T.Rzayev vurğulayıb.

Xəbərlər