“Azərbaycan-Türkiyə münasibətləri tərəflərin qarşılıqlı maraqlarına cavab verir”
“Türkiyə-Azərbaycan əlaqələri artıq dünya dövlətləri arasında münasibətlərin qurulması üçün bir modeldir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər digər ölkələr arasında da səmimi dostluq, qardaşlıq münasibətlərinin yaradılması üçün örnəkdir. İki ölkə arasındakı əlaqələr “bir millət, iki dövlət” prinsipi əsasında inkişaf etməkdədir”. Bu sözləri açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.
Deputat qeyd edib ki, Ulu Öndərin bu yanaşması hər zaman özünü doğruldub: “Azərbaycan-Türkiyə münasibətləri bütövlükdə coğrafiyada çox təsirli amil rolunda çıxış edir. Azərbaycan Prezidenti də vurğulayıb ki, Azərbaycana qarşı gəlmək istəyənlər Azərbaycan-Türkiyə birliyini nəzərə almalıdırlar. Yəni iki dövlət arasındakı əlaqələr kifayət qədər təsirli amildir.
Azərbaycan müstəqilliyini əldə etdikdən bir neçə gün sonra Türkiyə Azərbaycanın müstəqilliyini tanıdı və 1992-ci illərindən də diplomatik münasibətlər qurulmağa və inkişaf etdirilməyə başladı. Azərbaycan-Türkiyə münasibətləri hər zaman tərəflərin qarşılıqlı maraqlarına cavab verib, müəyyənləşdirilmiş konsepsiya üzrə inkişaf edib. 2007-ci ildən başlayaraq Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli hərbi məsləhətləşmələr həyata keçirilir. Bu da Azərbaycanda müdafiə sisteminin qurulmasında, ordu quruculuğunda öz müsbət təsirini göstərib.
2010-cu ilin sentyabrında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradılıb. Bundan sonra bütün istiqamətlər üzrə iki ölkə arasında əlaqələr daha sürətli və sistemli şəkildə inkişaf edib. Azərbaycan və Türkiyə həm regional, həm də beynəlxalq səviyyədə biri-birlərini müdafiə ediblər.
Azərbaycanın hərbi sahədə ən sıx əməkdaşlıq etdiyi ölkələr sırasında Türkiyə ilk yeri tutur. 1990-cı illərin əvvələrində də Azərbaycan hərbçilərinin hazırlanmasında türk hərbçilərinin yaxından rolu olub. Günümüzdə də bu əməkdaşlıq davam etdirilir. İki dövlət arasındakı əməkdaşlıq artıq hərbi sənayeni də əhatə edir. Azərbaycan-Türkiyə arasındakı əlaqələr həyat sahəsinin bütün istiqamətlərini əhatə etməklə təsirli amil rolunda çıxış edir”.
sia.az