"Azərbaycan-Türkiyə birliyi qarşısıalınmaz, yenilməz bir qüvvəyə çevrilir"
"Baş vermiş faciənin miqyası çox genişdir və bu zəlzələni Türkiyə tarixinin ən dəhşətli hadisəsi adlandırmaq olar".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Tahir Rzayev deyib. Deputat qeyd edib ki, ulu Tanrı türk xalqını çox ciddi sınağa çəkub və bu sınaq qarşısında yalnız və yalnız qardaşlığa, dostluğa, əmin-amanlığa sadiq olanlar tab gətirə bilərlər:
"Türkiyə belə ağır, çətin günlərdə tək deyil. İlk olaraq qan qardaşı, can sirdaşı Azərbaycan yanındadır. Bu zəlzələ xəbəri yayılan anda hiss edildi və xalqımız, başda Prezidentimiz İlham Əliyev olmaqla bunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı 44 günlük müharibədə olduğu kimi bir anda səfərbər olundu, yumruq kimi birləşdi, həmrəyliyin, qardaşlığın nə olduğunu bəşəriyyətə göstərdi. Kimin gücü nəyə çatırsa, onu etməyə, türk xalqının yarasına məlhəm qoymağa çalışdı. Azərbaycanın qocası da, uşağı da, qızı - gəlini də hər zaman Türkiyənin yanında olduğunu əməllə göstərdi. Bu birlik, həmrəylik göstərdi və göstərir ki, həqiqətən də Azərbaycan - Türkiyə qardaşlığı əbədi, dönməz və sarsılmazdır. İlk saatlardan xalqımızın Türkiyəyə verdiyi dəstək, onun yanında olmağımız dünyaya bir nümunə olmaqla, həm də Türk dünyasının əzmkarlıq, sədaqət mesajıdır".
"Heydər Əliyev Fondunun təşəbbüsü ilə çox vacib və əhəmiyyətli yardım kampaniyaları həyata keçirilir. Digər ictimai təşkilatlar, şirkətlər, idarə və müəssisələr, sahibkarlar, demək olar ki, bütün insanlar bu təşəbbüsə qoşulmuşlar və çox böyük fədakarlıq nümayiş etdirirlər. Bakıda, eləcə də rayonlarda insanlar bütün gün ərzində öz yardımlarını əsirgəmirlər. Bəli, dünya Azərbaycan - Türkiyə birliyi, Türk dünyasının həmrəyliyini görməli və bu birliyə qara yaxmaq istəyənlər, onu sarsıtmağa can atanlar bundan nəticə çıxarmalıdırlar. Çünki artıq bu birlik qarşısıalınmaz, yenilməz bir qüvvəyə çevrilir", - deyə deputat sonda qeyd edib.