Cəmiyyət, Plenar iclaslar 23 Noyabr 2021, 11:44 | Baxış sayı: 286
"Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə Fransanın müxtəlif şəhər və bölgələri işğalda olan ərazilərlə 28 qeyri-qanuni “sənədlər” imzalayıb".

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçı rejimin nümayəndələrinin Fransa senatında respublikaçılar fraksiyasının rəhbəri, Valans şəhərinin meri və Ron-Alp regionunun Qrenobl rayonunun rəsmiləri səviyyəsində qəbul edilməsi, Cənubi Qafqazda yaranmış yeni reallıqları düzgün qiymətləndirə bilməməyin və ikili standartarın təzahürüdür”.
APA xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmmədov bildirib.
Deputat deyib ki, yerli hökumət nümayəndələrinin xarici siyasət sahəsində atdıqları addımlar Fransa qanunvericiliyinə ziddir: “ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın Vətən müharibəsi dövründə, müharibədən sonra və bu gün nümayiş etdirdiyi mövqe Azərbaycan cəmiyyətində və hökumətində haqlı suallara səbəb olub. Biz bu suallara indi də cavab ala bilməmişik. Fransa Parlamentinin hər iki palatası qərəzli və beynəlxalq hüquqa zidd qətnamələr qəbul edib. Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə Fransanın müxtəlif şəhər və bölgələri işğalda olan ərazilərlə 28 qeyri-qanuni “sənədlər” imzalayıb. Səfirliyimizin fəaliyyəti nəticəsində bunlardan 11-i məhkəmə qərarları ilə ləğv edilib, 2-si barədə isə məhkəmədə iddia qaldırılıb”.


S. Məmmədov qeyd edib ki, Azərbaycan 44 günlük müharibə nəticəsində ərazi bütövlüyünü bərpa edib: “İndiki mərhələdə ATƏT-in Minsk Qrupunun fəaliyyəti yalnız Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına xidmət edə bilər. Hesab edirəm ki, Fransanın bəzi dövlət qurumları bu cür qərəzli addımlar atmaqdansa Fransa səfirinin işğaldan azad olunmuş Ağdama dünənki səfəri zamanı gördükləri dağıntılarla əlaqədar təəssüratlarını öyrənsəydilər, daha düzgün olardı. Bu günlərdə Fransada Azərbaycana dost fransız deputatlarla birlikdə Azərbaycanın Zəfər gününə həsr olunmuş tədbirlərdə iştirak zamanı noyabr ayının 23-də Fransa Senatında senatın prezidentinin himayəsi və Ermənistan parlament nümayəndə heyətinin iştirakı ilə “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qərəzli qətnamənin qəbul edilməsinin ildönümünə həsr olunmuş tədbirin keçirilməsi məlumatını əldə etdik. Bu, bir daha Fransanın münasibətinin nə qədər qərəzli olduğunu və Minsk Qrupunun həmsədri kimi öz öhdəliklərini yerinə yetirə bilmədiyini göstərir”. 

Digər deputatlar da bu məsələyə münasibətini bildirib.

Qüdrət Həsənquliyev Fransanın açıq-aşkar Ermənistana, işğalçı dövlətə dəstək olduğunu deyib.

Deputat bildirib ki, 44 günlük savaşda minlərlə gəncin tökülən qanlarına görə Fransa da məsuliyyət daşıyır: “Fransa bu hərəkəti ilə bölgəyə sülhün gəlməsini əngəlləyir. Azərbaycan Fransanın Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılmasına çalışmalıdır. Mən hər cür təhqirin və zorakılığın əleyhinəyəm. Sadəcə, baş verənlər Fransanın yürütdüyü siyasətin nəticəsidir. Ermənilərə müsbət münasibəti olan bu ölkənin Azərbaycana münasibəti heç vaxt dəyişməyəcək. Azərbaycan bütün sahələrdə Fransa ilə münasibətlərinə yenidən baxmalıdır”.

Deputat Hikmət Babaoğlu isə bildirib ki, müxtəlif səviyyəli Fransa rəsmilərinin qeyri-adekvat addımları təəccüb doğurur: “Qondarma qurumun “rəsmisi” kimi özünü təqdim edən erməni Fransada rəsmi şəxs kimi münasibət görür. Məsələ Fransanın bu separatizmi dəstəkləməsidir. Hamı bilir ki, Azərbaycan bu mövzuda çox həssasdır və regionda yeni reallıq yaranıb. Fransa da bu reallığı qəbul etməlidir. Fransanın addımlarında ziddiyyət var. Amma həm də burada məqsədyönlü fəaliyyət var. Regionda yeni reallıqlar şəraitində inkişaf edəcək əməkdaşlıqlara da Fransa mane olur”.

Deputat Tural Gəncəliyev də hesab edir ki, Fransanın istər Cənubi Qafqaz, istərsə də dünyanın digər ölkələrində xarici siyasətində ciddi səhvlər müşahidə olunur: “Bu, Fransada lider problemi ilə bağlıdır. Fransa Azərbaycana minnətdar olmalıdır ki, Azərbaycan öz gücünə BMT-nin qətnamələrinin icrasını təmin etdi. Azərbaycan bu gün postmüharibə, postkonfilikt dövründə regiona heç bir dəxli olmayan, regiondan tamamilə kənarda yerləşən ölkənin hərəkətlərini qəbul etmir. Fransa bundan sonra Cənubi Qafqaz, xüsusilə Azərbaycanla bağlı siyasətlərində çox diqqətli olmalıdır. Əks halda onların batmaqda olan nüfuzu daha da batacaq”.

Xəbərlər