Siyasət 4 Sentyabr 2023, 15:03 | Baxış sayı: 96
“Azərbaycan siyasətində illərdir, lotu-lotu gəzənlərin xeyli hissəsi Gündüzlərdir...”

“Gündüz Ağayev çəkdiyi karikatura və ifadə etdiyi sözlərlə anladıb ki, o, Qarabağın ermənilərdən geri alınmasına məyus olub. Bunu açıqca ifadə edirsə, ən azı digər dostlarından daha səmimidir. İndi buyurun, əziz tədqiqatçılar, yaxın tarixə baş vurub araşdırın görək Gündüzü kimlər və necə təbliğ ediblər? Onun çəkdiyi karikaturanı bəyənən kimlərdir? Yaxud da buna etiraz etməyən, susan cəbhədaşları kimlərdir? Bu şəxs uzun illər "Azadlıq" qəzetində karikaturalar çəkib. "Həmin "Azadlıq" qəzetində uzun illər işləyən başqa bir dümbələk də bu ilin əvvəlində status paylaşaraq Şuşa-Laçın yolunda ölkənin böyük mübarizəsini aparan fədakar ekofəallarını məsxərəyə qoymuşdu. O zaman aydın olacaq ki, Azərbaycan siyasətində illərdir, lotu-lotu gəzənlərin, sözdə demokratiya carçılarının xeyli hissəsi Gündüzlərdir...” 

 

Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa deyib. 

 

“Adları Gündüz olub, mahiyyətləri Qaranlıq olanların bu məmləkətin gələcəyi üçün nəyi vəd etdiyi indi daha dəqiq anlaşılar. Xatırlayıram, bir neçə il öncə “Qum saatı” ilə başını işlədən mərsiyyəçi bir qrup Gürcüstanda yaşayan soydaşlarımızın cahil hissəsinin başını tovlayıb Borçalıda bir tamaşa zalına yığmışdılar. Göstərdikləri tamaşanın adı nə olsa yaxşı idi: "Gündüzlərimiz Gecə olaydı". Bu minvalla illər ötdüyündə gördük ki, xeyli Gündüzlərimizi Gecəyə çevirməyi bacardılar. İndi bu adamlar hər gün Qarabağda bütün yüksəklikləri götürmüş dövlətimizin hansısa bir uğursuzluğunun röyasını görürlər. Ancaq əminəm ki, röyada gördüklərində də qalacaqlar. Bu prosesin geri dönüşü ola bilməz. Ram edəcəyik, sözlə də olsa, baş sığallama ilə də olsa, “Dəmir umruq”la da olsa! Bu, sadəcə pafos deyil, real tablonu dərindən izləyərək söyləyirəm”, - deputat bildirib. 

 

F.Mustafa öz təklifini də irəli sürüb: “Yaxın günlərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ştatlarını artırıb sərhəddə “yardım” adı ilə göndərilən yüklərin yoxlanması ilə bağlı funksiyalarını genişlətməliyik. Buyurun, viza almısınızsa, gəlin qidanızı yoxlayaq, bəlkə, siz məqsədli şəkildə Qarabağda yaşayan bir dəstə ermənini zəhərləmək istəyirsiniz? İstər Laçın, istərsə də Ağdam-Xankəndi yolunda bu məqsədlə mexanizmlər qurulmalıdır. Digər vacib məsələ mobil operatorlarla bağlıdır. Niyə Qarabağ erməniləri ərazisində yaşadıqları Azərbaycanın deyil, bizə düşmən olan Ermənistanın mobil operatorlarından istifadə etməlidir? Niyə onlar düşmən dövlətin 380 kodunu işlətməlidirlər? Ermənistandan Qarabağa çəkilmiş kabel xətlərinə, eləcə də qaz, su və işıq xətlərinə də sözün məcazi mənasında sığal çəkməliyik? Qida yardımı təklif etdiyimiz kimi, mobil operator, qaz, işıq, su xəttini də eyni qaydada təklif etməliyik. İlkin mərhələdə aşağı tarifləri təklif etmək olar, ardınca özlərini yaxşa aparsalar, məktəbdə öyrənmələri üçün Azərbaycan dili dərsliklərini də yardımların içində göndərəcəyik. Onların təkcə aclığı deyil, üşüməyi də, gözlərinin zəifləməyi də, telefonla rahat ünsiyyət qura bilməmələri də bir dövlət kimi bizi rahatsız edir. Yəni Qarabağ erməniləri üçün bir geniş paketləmə servisi barədə düşünməliyik. Bu arada Araik başını götürüb qaçıbsa, demək, tam bir idarəçilik xaosu yaradılıb. Önümüzdəki ildə də bizdə bələdiyyə seçkiləri keçirilməlidir. Şərt qoya bilərik ki, oradakı ermənilər bizim qanunvericiliyə uyğun şəkildə bələdiyyə seçkisi keçirib bu başıpozuqluğa son qoya bilərlər. Üstəlik də, orada seçilmiş Xankəndi bələdiyyə sədri ilə daha legitim formatda Şuşa bələdiyyəsinin sədrinin cari məsələləri müzakirə etməsi daha məqsədəuyğun olardı. Şübhəsiz ki, bu ərəfədə "novar" deyib bağıran bəzi Qaranlığa çevrilmiş Gündüzlər uzaqdan havanı kirlətməyə çalıçacaqlar. Əslində bunlara Ermənistanın, Fransanın göndərdiyi TIR-lardakı un tozu kimi baxmaq lazımdır. Məsələnin həlli bizim çevik ağlımızdan və milli səfərbərliyimizdən asılıdır. Necə ki, Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin yardımlarını gündəmə gətirdik, eləcə də digər hücumların da qarşısına qoyacağımız hazır ağıllı layihələr olmalıdır”. 

pravda.az

Xəbərlər