Siyasət 24 May 2023, 16:36 | Baxış sayı: 105
"Azərbaycan ərazisində ermənilərin təhlükəsizliyi üçün heç bir problem yoxdur"

“Sonuncu Brüssel görüşündə bir sıra məqamlarla bağlı nikbin elementlər səsləndirildi. Təbii ki, Azərbaycan bütün platformaları özünün haqlı maraqlarının və mövqeyinin müdafiəsi üçün uğurla istifadə etməkdədir. Biz haqlı mövqelərimizi və atdığımız, atacağımız addımları əsaslandırmaq üçün tiribunalardan, platformalardan istifadə etməkdə maraqlı olmuşuq. Bizim öz mövqeymizi ifadə edə biləcəyimiz istənilən platformada müzakirələrin aparılmasını məqbul saymağımız bu məntiqdən irəli gəlir. Nəzərə almaq lazımdır ki, informasiya əsrində yaşayırıq. Beynəlxalq ictimai şüura təsir etmək üçün, beynəlxalq ictimai rəy formalaşdırmaq üçün platformalarda vacib olan məsələlərin müzakirəsi bizim üçün əhəmiyyətlidir”.

 

Bu barədə Bizimyolinfo xəbər portalına Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu danışıb. O, qeyd edib ki, Brüsseldə həm Azərbaycanın, həm Ermənistanın ərazisinin rəqəmlərlə göstərilməsi 1991-ci il dekabr Alma-Ata bəyannaməsinə istinad edilərək, ərazi bütövlüyünün tanınması istiqamətində mövqelərin sərgilənməsi çox müsbət bir haldır.

 

Deputat xatırladıb ki, Şarl Mişel Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyətinin beynəlxalq müstəvidə müzakirəsini məqbul sayır.

“Bu, bizim üçün qəbul edilən deyil. Çünki Azərbaycanın ərazisində müxtəlif xalqların təmsilçiləri dinc yaşamaq imkanına malikdirlər. Azərbaycanda nə etnik zəmində, nə dini zəmində heç vaxt diskriminasiya hallarına yol verilməyib. Azərbaycanın multikultural ölkə olması ilə bağlı Qərbdə çox aydın təsəvvürlər mövcuddur. Azərbaycannın multikulturalizm modeli sözün əsl mənasında dünya üçün bir örnəkdir. Ona görə də, Azərbaycan ərazisində hansısa etnik azlığın hüquq və azadlıqları ilə bağlı problemlərin olması ümumiyyətlə müzakirə predmeti deyil. Sözsüz ki, indiki halda Azərbaycan ərazisindəki ermənilərin təhlükəsizliyi və onların ümumiyyətlə mövcud olmaları üçün Azərbaycan tərəfindən heç bir problem yoxdur. Bunu dəfələrlə rəsmi şəkildə Azərbaycan prezdenti qeyd edib. Yəni Azərbaycan qanunlarına tabe olaraq Azərbaycan vətəndaşları statusunda ermənilər ölkəmizin ərazisində yaşamını davam etdirə bilərlər. Əksinə, yəni fərqli mövqedən çıxış edəcəklərsə, onda onlar özləri üçün başqa yaşayış yeri seçməlidirlər”-deyə deputat bildirib. Onun sözlərinə görə, Brüsseldə ümumi məqam ondan ibarət idi ki, Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti, təhlükəsizlik məsələləri kənar qüvvələrlə müzakirə olunmamalıdır. Bu, bizim mövqeyimizlə uzlaşmır.

Xəbərlər