“Azərbaycan Prezidenti haqq - ədalətə arxadır”
“BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatı sayılan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün yenidən Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuz və etimadın nəticəsi kimi qiymətləndirilməlidir”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Tahir Rzayev qeyd edib
“Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin görüşdəki çıxışı dünyada geniş əks - səda yaratmış və hərəkatın nüfuzuna yeni məna vermişdir. Dövlətimizin rəhbəri təşkilatın son illərdə artan fəaliyyətinə və yüksələn nüfuzuna diqqəti cəlb etməklə bərabər, hərəkatın beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qaldığını, dünyada sülhün və təhlükəsizliyin, insan hüquq və azadlıqlarının təmin olunmasına, müdafiə edilməsində fəal rol oynadığını bildirmişdir. Azərbaycana münasibətdə - xüsusilə 44 günlük müharibə günlərində BMT Təhlükəsizlik Şurasının Azərbaycan barədə əsası olmayan sənədlər qəbul edilməsinə etirazlarda, ölkəmizin haqlı mövqeyinin dəstəklənməsində bu aydın əksini tapmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşkilata rəhbərlik etdiyi dövrdə onun fəaliyyəti əsaslı şəkildə canlanmış və təşkilat üzvlərinin birliyi, həmrəyliyi daha dolğun təmin edilmişdir. Ölkəmizin rəhbəri qeyd etmişdir ki, Azərbaycan QH sədrliyi dövründə üzv ölkələrin qanuni maraqlarını qiymətlə qoruyub. Pandemiya dövründə dövlətimizin rəhbərinin irəli sürdüyü bəşəri ideyalar, təşəbbüslər, xüsusilə amansız xəstəliyə qarşı dünya ölkələrinin səfərbər olunması barədə müraciətlər dünyanın 150 dövləti tərəfindən dəstəklənmiş və insanların faciədən qurtulmasına öz töhfələrini vermişdir. Səbəbsiz deyildir ki, dünya ictimaiyyəti cənab İlham Əliyevin bu əməllərini, təşəbbüslərini, bəşəriyyətə qayğı və diqqətini yüksək qiymətləndirmiş, onun xidmətlərini dünya xalqlarına və dövlətlərinə humanizmin nümunəsi kimi təqdim etmişlər. Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında da dövlətimizin rəhbəri bir daha bəşəri ideyalara, beynəlxalq normalara, sülhə təhlükəsizliyə, insan azadlığına, ölkələrin müstəqilliyinə, suverenliyinə sadiqliyini bir daha ifadə etmiş, irqçiliyə, ayrıseçkiliyə, islamaxofiyaya, zülmə, müharibəyə, zorakarlığa qarşı mübariz olduğunu bildirmişdir. Çünki Azərbaycan Ermənistan tərəfindən işğala məruz qaldığı, torpaqlarının, şəhər və kəndlərinin viran edildiyi, insanların qətlə yetirildiyi otuz ildə bu ayrı seçkilikdən, ikili standartlardan, beynəlxalq norma və prinsiplərə laqeydlikdən çox əziyyət çəkmiş, haqlı səsi eşidilməmişdir. Dövlətimiz erməni faşizmi üzərində tarixi qələbə qazanmasına, ərazisinin bütövlüyünü təmin etməsinə, sülhə, əminamanlığa tərəfdar olmasına baxmayaraq yenə də ikilistandartlarla, ədalətsizliklərlə qarşılanmaqdadır. Azərbaycan Prezidenti bu baxımdan Fransa dövlətinin, xüsusilə prezident Emmanuel Makronun şovinist, beynəlxalq aləmə zidd mövqeyini, bu dövlətin müstəmləkəçilik, xalqlara və dövlətlərə qarşı uzun illər yürütdüyü yanlış, ziddiyyətli siyasəti ciddi tənqid etmiş, Fransa hakimiyyət dairələrini bu məkrli, insanlığa zidd əməllərdən çəkinməyə səsləmişdir. Ona görə ki, dünən və bu gün Fransa demokratiya pərdəsi altında özünün ən çirkin məqsədlərini həyata keçirməkdədir və bu siyasət, vəhşilik nəticəsində Fransa dövləti, onun rəhbərləri on milyonlarla insanın qətlinə rəvac vermiş, ölkələri viran qoymuşlar. Prezidentimiz bildirmişdir ki, Fransa müstəmləkə keçmişinə və soyqırımı aktlarına görə üzr istəməlidir. Ancaq terrorçu, təcavüzkar Ermənistanı müdafiə etməklə, ona maddi - mənəvi, hərbi dəstək verməklə, Azərbaycana düşmən mövqeyində durmaqla Fransa özünün çirkli, şovinist əməllərini davam bu gündə etdirməkdədir. Cənab İlham Əliyev demişdir ki, Fransa özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Qarabağ bölgəsində erməni separatizmi dəstəkləyir. Bu əməllər bir dövlət kimi Fransanı sarsıldır, onun nüfuzuna ciddi ziyan vurur və Fransa xalqını çətinliklərə, uğursuzluğa aparır. Son aylar ölkədə baş verən kütləvi ixtişaşlar, nümayişlər, qarşıdurmalar, insan tələfatı, həbsləri ilə nəticələnən hadisələr bunu deməyə əsas verir və göstərir ki, Makronun siyasəti iflasa məhkumdur, fransızların əleyhinədir, onların xoşbəxtliyinə yox, bədbəxtliyinə, ölkə iqtisadiyyatının məhvinə, insanların acı taleyinə hesablanmışdır. Rəhbərlik etdiyi dövlətdə ictimai - siyasi sabitliyi bərpa edə bilməyən, vətəndaşlarının qətlinə, zülmünə imkan yaradan Makronun bu gün başqa dövlətlərdə - xüsusilə Ermənistanda sülhü, əminamanlığı bərpa etmək, kimlərəsə məsləhətlər vermək cəhdi çox gülünc doğurur. Prezidentimizin söylədiyi kimi Ermənistan regionda sülhə maraqlıdırsa, silahlı qüvvələri Qarabağdan çıxarmalıdır. Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır. Makron və onun kimilər isə ədalətə, haqqa əsaslanmadıqları, insanlığa, dövlətlərin müstəqilliyinə hörmət qoymadıqları üçün siyasi meydandan uzaqlaşmağa, bəşəriyyətin nifrətini qazanmağa məhkumdular. Azərbaycan isə beynəlxalq normalara, haqqa - ədalətə güvəndiyi, cənab İlham Əliyev xalqına, bəşəri dəyərlərə arxalandığı üçün qalibdir, ucalır və şöhrətlənir. Qoşulmama Hərəkatının bu dəfə ki, görüşündə səsləndirilən fikirlər bunu bir daha sübut etdi və Azərbaycanın gələcək uğurlarına yeni bir stimul verdi”, - deputat bildirib.