"Azərbaycan nəyin bahasına olursa-olsun, sülhün bərqərar olması istiqamətində addımlar atacaq"
Xəbər verdiyimiz kimi, mayın 8-i saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə ekskavatorumuzu atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Arzu Nağıyev Demokrat.az-a açıqlamasında bildirib ki, ermənilərin bu təxribatları ilk növbədə sülhün bərqərar olmaması üçündür.
"Onlar hiss etdikcə ki, sülh bərqərar olur, bu və ya digər şəkildə qondarma separatçı rejim öz əməllərindən əl çəkmir.
Digər məsələ, sülhməramlı qüvvələrin məhz bu atəşkəsi pozmağa nəzarət etməməsinin nəticəsidir ki, belə təxribatlara gətirib çıxardır.
Əlbəttə ki, Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qoyulduqdan sonra belə təxribatlar gözlənilən idi. Bu məsələnin qarşısının alınmasında mütləq şəkildə sülhməramlı qüvvələr öz üzərinə düşən funksiyaları yerinə yetirməlidirlər. Çünki son vaxtlar separatçıların və bəzi Ermənistan parlamentində olan müxaliflərin çıxışı bir məsələnin üzərində fokuslanıb. Guya sülhməramlılar bizim sərhəd-buraxılış məntəqəsində Azərbaycan tərəfi ilə birlikdə nəzarət etməlidir. Bu, təbii ki, absurd məsələdir.
Digər məsələ isə ümumiyyətlə sərhəd buraxılış məntəqəsinin ləğvidir. Bunlar erməni millətçilərinin, eyni zamanda təxribatçıların, separatçıların əsas qayəsidir. Azərbaycan nəyin bahasına olursa-olsun, sülhün bərqərar olması istiqamətində addımlar atacaq. Bunun da sonu mütləq şəkildə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması və Azərbaycan ərazisində yaşayan erməni icması ilə danışıqların aparılmasıdır. Məhz bu prosesi pozmaq üçün erməni separatçıları təxribatlara əl atırlar".