Siyasət 26 İyun 2023, 13:55 | Baxış sayı: 149
"Azərbaycan nümayəndə heyətinin üzvləri məruzənin parlamentə çıxarılmasının qarşısını ala bilməyiblər"

“Avropa Şurası Parlament Assambleyası Azərbaycan haqqında yenə də qərəzli mövqe tutub. Assambleyanın yay sessiyası çərçivəsində dinlənilən “Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz girişin təmin edilməsi” adlı məruzə anti-Azərbaycan xarakterli olması ilə seçilir. Qərəzli və siyasi xarakter daşıyan bu məruzə reallıqların əksinədir. Regionda sülhün təmin olmasına, münasibətlərin yaxşılaşmasına deyil, ilk növbədə gərginliyin kəskinləşməsinə hesablanıb. Bu, yolverilməzdir. Hər bir Azərbaycan vətəndaşı bunu pisləyir. Laçın rayonu ərazisində sərhəddə keçid-buraxılış məntəqəsinin qoyulması Azərbaycanın suveren hüququdur, haqqıdır. Çünki sərhədlərin təhlükəsizliyinin təmin olunması, qorunması baxımından bu, çox vacibdir, bilavasitə zərurətdən irəli gəlib. Bu yolla uzun müddət Ermənistan tərəfindən, eləcə də xarici ölkələrdən Qarabağdakı separatçılara silah-sursat daşınıb, onlar silahlandırılıb. Bir çoxları bu yoldan istifadə edərək Qarabağda terror aktlarının törədilməsi üçün səy göstərirdilər. Əlbəttə, belə olan halda mütləq həmin ərazidə nəzarət-keçid məntəqəsinin quraşdırılması vacib idi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat bildirib ki, AŞPA tərəfindən Qarabağda yaşayan ermənilərin blokadada olması, onların çıxışının təmin edilməsi barəsində söylənən fikirlər də əsassızdır: “Çünki keçid məntəqəsi qoyulandan sonra oradan minlərlə erməni qanunauyğun şəkildə başqa ölkələrə səfər edib. Ancaq həmin buraxılış məntəqəsində törədilən terror aktından, sərhədçimizin erməni silahlılarının təxribatı nəticəsində yaralanmasından sonra məntəqə müəyyən qaydada bağlanmaq məcburiyyətində qalıb. Sözsüz ki, bunu xarici siyasətçilər, eləcə də Avropa Şurası Parlament Assambleyasında adlarını deputat qoyub, haqq-ədalətdən danışanlar nəzərə almayıblar. Belə qərəzli siyasi xarakter daşıyan bəyanatların verilməsi, məruzələrin hazırlanması, şübhəsiz ki, hadisələrə ermənipərəst mövqedən yanaşıldığının və ermənilərin diktəsi ilə meydana gəldiyinin nümunəsidir. AŞPA üzvləri son 30 ildə erməni faşistlərinin Azərbaycan xalqının başına gətirdikləri müsibətləri bir dəfə də olsun dilə gətirməyiblər. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan artıq uzun illərdir, blokadadır. Oradan quru yolu ilə Azərbaycan ərazisinə gəlmək mümkün deyil. AŞPA üzvlərindən heç biri bunu nədənsə dilə gətirmək istəmir. Bu münasibət Qafqazda sülhün təmin edilməsinə əngəllər törədir. Bilavasitə erməni diasporunun təklifləri ilə hazırlanmış məruzə, sözsüz ki, münaqişənin nizamlanmasına, sülhün əldə edilməsinə ciddi maneədir”.

 

T.Rzayev vurğulayıb ki, Azərbaycan nümayəndə heyətinin üzvlərinin sessiya müddətində AŞPA-nın bir çox deputatları ilə söhbətlər aparmalarına baxmayaraq, yenə də sözügedən məruzənin parlamentə çıxarılmasının qarşısını ala bilməyiblər: “Ancaq nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışında real hadisələri qeyd edib. O bildirib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, onlar bu gün heç də aclıqdan, susuzluqdan korluq çəkmirlər, Azərbaycan dövləti onların təhlükəsizliyinin təmin edilməsinə dəfələrlə vəd verib, bu gün də onların hüquqlarının təminatçısı kimi çıxış edir. Ancaq həmin ərazidə yerləşən separatçılar, siyasi qüvvələr yenə də müharibə əhval-ruhiyyəsindədirlər, silahlanmaqdadırlar. Son hadisələrin nəticələri də bunu göstərir. Son günlər Laçın, Kəlbəcər, Daşkəsən, Ağdam, Xocavənd rayonlarının əraziləri istər Ermənistan, istərsə də Qarabağda fəaliyyət göstərən separatçı qüvvələr tərəfindən dəfələrlə atəşə tutulub. Sözsüz ki, Azərbaycan Silahlı Qüvvələri lazımi tədbirlər görüb, qarşı tərəf susdurulub”.

Xəbərlər