Cəmiyyət 9 Yanvar 2023, 15:26 | Baxış sayı: 245
“Azərbaycan məscidlərində də post-terminallar ola bilər”

Avropada bəzi kilsələrdə ibadət müasirləşdirilib, smart xidmətlər təşkil olunub. Belə ki, bir sıra kilsələrdə şamlar elektriklə çalışır, 20 sentlik şam bir saat, 1 avroluq şam isə 5 saat yanır. Bundan əlavə, kilsədə özünə, dünyasını dəyişmiş yaxınlarına dua oxutdurmaq istəyirsənsə, bunun üçün də elektron xidmətlərdən istifadə edə bilərsən. Ən qısa dua 2 avro dəyərindədir. Üzərinizdə pul yoxdursa, kartla ödəniş edə bilərsiniz. Avro, dollar və s. valyuta ilə ödəniş mümkündür. Ektron xidmətlər nəticəsində kilsələr həm şam almaq problemini həll edirlər, həm də xidmətlər qarşısında vergidən yayınmaq mümkün olmur. Azərbaycanda da məscid və ziyarətgahlarda bu cür sistemib tətbiqini təklif edənlər var.

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Pravda.az-a açıqlamasında xatırladıb ki, bir müddət əvvəl Azərbaycanda məscidlərdə ödənişin elektron qaydada həyata keçirilməsi üçün “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edilib.

 

Deputat bildirib ki, bu gün əksər sahələrdə ödənişlər kartla həyata keçirilir: “Bunu məscidlərimizdə, ibadət ocaqlarında da tətbiq edə bilərik. Kartla ödəniş həm də prosesin şəffaflığına xidmət edir. Hazırda Avropa ölkələrində bu istiqamətdə işlər aparılır. Niyə də yox? Azərbaycan məscidlərində də post-terminallar ola bilər. Bu, normaldır. İnsanların ödənişləri post terminallar vasitəsilə etmələri həm şəffaflığa şərait yaradacaq, həm müasirliyi göstərəcək. Məscidlərdə bu proseslərin tənzimlənməsi istiqamətində ciddi addımlar atmalıyıq”.

 

C.Məmmədovun sözlərinə görə, məscidlərdə hazırda ianə məsələləri şəffaf deyil: “Daxil olunan vəsaitə dəqiq nəzarət yoxdur. İnsanlarımız məscidlərə gedir, dua oxudurlar, ianə edirlər. Əvvəl də təklif etmişdim, bunu sərt bir formada tətbiq etmək lazımdır ki, hər bir ödənişə görə mütləq mədaxil qəbzi verilsin. Necə ki iaşə obyektlərində tətbiq edilir. Türkiyədə də belə bir praktika var, araşdırmışam. Mədaxil qəbzinin bir nüsxəsi vətəndaşın özündə qalır. Post-terminallar quraşdıraraq məsələyə nəzarəti təmin edə bilərik. Bütün dünya buna gedir. Avropada, demək olar, nəğd vəsaitdən istifadə olunmur. Vətəndaş gəlir, istədiyi məbləği seçir, post-terminal vasitəsilə ianə edir. Bu, tam mümkün olan məsələdir, heç bir problem yoxdur. Məscidlərin hər birinin hesabı var. Hamısı bunu edə bilər. Müasirləşməni məscidlərimizdə də mütləq tətbiq etməliyik. Burada hansısa ziddiyyətli məqam yoxdur”.

Xəbərlər