Siyasət 9 Oktyabr 2023, 16:46 | Baxış sayı: 210
“Azərbaycan İsrail-Fələstin məsələsində barışın bərqərar olması üçün əlindən gələni etməlidir”

“HƏMAS-ın Fələstin adına etdikləri ciddi bir təxribatdır, çünki bunun bədəlini ödəyəcək olan Fələstin xalqıdır. Fələstin xalqı isə müsəlman camiəsinə məxsus olduğu üçün bizimlə din bağlılığı olan insanladır. Biz bütövlükdə insanlığın faciə yaşamasının əleyhinə olduğumuza görə fələstinlilərin bu faciəni yaşamalarını istəmirik. Eyni zamanda İsrail bizə dost dövlətdir, ən ağır dönəmdə bizə dəstək verib. İsrailin dəstəyini heç vaxt unutmuruq və ona qarşı olan bu təxribatı pisləyirik. Bir sözlə, müharibə olmasını istəmirik, çünki bir tərəfdə dost saydığımız xalq, başqa bir tərəfdə eyni dinə mənsub olduğumuz xalqdır. Dinc əhalinin zərər görməsini məqbul hesab etmirik. Çox arzulayardıq ki, hərbi əməliyyatlar zamanı mümkün qədər dinc əhaliyə zərər yetirilməsin. Çünki terrorçu öz işini görür, çəkilir, amma ortada fəalkət yaşayan məhz dinc, məzlum insanlar olur. Buna görə də İsrail-Fələstin savaşında konkret tərəf tutmaq yerinə sülhü, barışı dəstəkləməliyik”.

 

Bu sözləri açıqlamasında Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa deyib.

 

Deputat bildirib ki, bütün hallarda bölgənin müharibə alovuna bürünməsinin Azərbaycana da böyük ziyanı olacağı dərk edilməlidir: “Həm İsrail xalqının acılarını öz acılarımız kimi hiss edirik, həm də Fələstində terrorçuların günahı ucbatından əziyyət çəkən məzlum insanların kədərini, acısını öz içimizdə yaşayırıq. Daha çox barışın, sülhün bərqərar olmasına çalışmaq ümumi siyasətimizin əsasını təşkil etməlidir. Yəhudilərə qarşı törədilən təxribatın cavabının verilməsini, terrorçuların cəzalandırılmasını normal qarşılayırıq. Çünki hər bir dövlət özünü qorumaq haqqına sahibdir. Hər halda Azərbaycan bu məsələdə qardaş Türkiyə kimi barışın bərqərar olması üçün əlindən gələni etməlidir”.

pravda.az

Xəbərlər